"Qəbələ" bu gün start verir

00:18 - 10 Yanvar 2016

Komanda Antalyaya yollanır
 
Azərbaycan Premyer Liqasının XVIII turunun “Qarabağ”la matçından (1:1) sonra istirahətə buraxılan “Qəbələ” hazırlıqlara start verir.
 
Sportal.az xəbər verir ki, təlim-məşq prosesi Türkiyədə baş tutacaq komanda bu gün qonşu ölkəyə yollanacaq. “Qəbələ”nin legioner futbolçuları da komandaya Antalyada qoşulacaq. Toplanış yanvarın 27-nə kimi davam edəcək. Hazırlıq müddətində “qırmızı-qaralar” Antalyanın Belek bölgəsindəki “Gloria Sereniti” otelində məskunlaşacaq.
 
Bu müddətdə “Qəbələ” qardaş ölkədə 3 yoldaşlıq oyunu keçirəcək. Roman Qriqorçukun yetirmələrinin ilk rəqibi “Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma ayın 16-da baş tutacaq. 4 gün sonra “qırmızı-qaralar” ikinci yoxlama oyununda İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək. Yanvarın 24-də baş tutacaq son yoxlama matçında komanda Ukrayna təmsilçisi “Dnepr”lə görüşəcək.
 
Xatırladaq ki, Premyer Liqanın ilk iki dövrəsində keçirdiyi 18 oyunda 28 xal toplayan “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 2016-cı ilin ilk rəsmi matçını yanvarın 30-da keçirəcək komanda XIX turda “Kəpəz”lə qarşılaşacaq.

Xəbər xətti