3 yoxlama matçı
“Qəbələ”nin əsas komandası kimi, əvəzedici heyəti də məşqlərə başlayıb.
Sportal.az xəbər verir ki, qış fasiləsinə zirvədə yollanan gənc futbolçular 16 günlük istirahətdən sonra yanvarın 6-da bir araya gəliblər.
Əvəzedici komandanın baş məşqçisi Ramin Quliyevin "Qəbələ İK"ya verdiyi məlumata görə, hazırlıq prosesi iki mərhələdən ibarətdir: “Dövrələrarası fasilədə ilk təlim-məşq toplanışını Qəbələdə keçiririk. Əsasən fiziki hazırlığın yüksəldilməsinə hesablanan bu toplanış yanvarın 15-də başa çatıb".
Yanvarın 16-da səhər saatlarında Türkiyənin Antalya şəhərinə yollanan əvəzedici komanda qardaş ölkəyə 20 futbolçu aparıb. Komandanın 3 üzvü – Bəhlul Mustafazadə, Roman Hüseynov və Yusif Nəbiyev isə daha öncədən Antalyadadır. Adıçəkilən oyunçular yanvarın 10-da əsas komandanın tərkibində Türkiyəyə təlim-məşq toplanışına yollanıblar. Əvəzedicilər də “böyük qardaş”ları kimi, Antalyada 3 yoxlama matçında qüvvələrini sınayacaqlar. Quliyevin yetirmələri yanvarın 19-da Almaniyanın tarixi klublarından olan “Ayntraxt”ın 19 yaşlılardan təşkil edilmiş komandası ilə üz-üzə gələcəklər. Bundan 4 gün sonra Danimarkanın U-19 millisi ilə qarşılaşma baş tutacaq. Nəhayət, yanvarın 25-də “qırmızı-qaralar” Yaponiyanın böyük yaş qrupundan ibarət yığması ilə görüşəcək. Təlim-məşq toplanışı yanvarın 26-da yekunlaşacaq.
"Qəbələ"nin əvəzediciləri 2016-cı ildə ilk rəsmi oyununu yanvarın 29-da Azərbaycan çempionatının 19-cu turu çərçivəsində “Kəpəz”ə qarşı keçirəcək.
saytlarin hazirlanmasi