"Qəbələ"nin məşqçisi: "Bezotosnı Premyer Liqada ən güclü qapıçılardan biridir"

10:46 - 19 Yanvar 2016

"Əsas komandada işləmək böyük məsuliyyət tələb edir"

 

Xəbər verdiyimiz kimi, "Qəbələ"nin əsas komandasının məşqçilər korpusunda dəyişiklik olub. Belə ki, qapıçılarla işləyən ukraynalı məşqçi Andrey Qluşenko klubdan gedib. Baş məşqçi Roman Qriqorçukla birgə “qırmızı-qaralar”a ötən qış gələn 42 yaşlı mütəxəssis ailə vəziyyəti ilə əlaqədar vətəninə qayıtmalı olub.

 

Sportal.az xəbər verir ki, Qluşenkonun vəzifəsi bunadək əvəzedici komandada qapıçılarla işləyən 47 yaşlı Vüqar Məmmədova həvalə olunub. Qeyd edək ki, təcrübəli mütəxəssis “Qəbələ” yaradılandan bəri uzun illər əsas komandada qapıçılarla çalışıb. O, 2013-cü ilin yayından, Yuri Syomin əsas komandaya baş məşqçi təyin edildikdən sonra işini əvəzedici heyətdə davam etdirmişdi.

 

V.Məmmədov yeniliklə bağlı açıqlama verib: “Yenidən əsas komandada işlədiyimə görə çox sevinir, mənə etimad göstərənlərin hər birinə minnətdarlığımı bildirirəm. Əsas komandada çalışmaq məşqçidən, ilk növbədə, böyük məsuliyyət tələb edir. Artıq burada daha güclü, sırf peşəkarla çalışırsan. Bu mənada iş prosesi bir qədər asandır. Ancaq istənilən halda, işini böyük məsuliyyətlə görməlisən. Andrey Qluşenko ilə mütəmadi söhbətlərimiz olurdu və ümumi işə faydalı olması üçün əvəzedicilərdə onun iş metoduna uyğun çalışırdım. Əsas komandamızdakı qapıçılardan razıyam. Dmitri Bezotosnı, ümumiyyətlə, Azərbaycan Premyer Liqasında ən güclü qapıçılardan biridir. Ancaq təbii ki, rəqabət olacaq və kim daha hazırlıqlıdırsa, “çərçivə” də ona tapşırılacaq. Bu məsələdə son qərarı isə baş məşqçi verəcək”.

 

Məmmədov son illərdə çalışdığı əvəzedici heyətə öyrəşdiyini və həmin kollektivdən ayrılmağın çətin olduğunu da deyib: “Cari mövsümə yaxşı başlamasaq da, birgə səylərimiz nəticəsində qış çempionu olduq. Əsas heyətdə işə yanaşma bir qədər fərqlidir. Ancaq əvəzedicilərdə işlədiyim qapıçılar yenə diqqətimdə olacaq. Elnur Orucov U-19, Murad Popov U-17 yığmamıza cəlb olunub. Bu qapıçılar gələcəkdə bizim üçün çox faydalı olacaqlar”.

 

Hazırda əvəzedici heyətdə qapıçıların hazırlığı Sahil Kərimova həvalə olunub. 37 yaşlı mütəxəssis uzun müddətdir “Qəbələ” Futbol Akademiyasında çalışır. Sonda onu bildirək ki Qluşenko əvvəllər çalışdığı “ Çernomorets” (Odessa) komandasına qayıdıb. ("Qəbələ" İK)

Xəbər xətti