Qəbələdə yeni futbol turniri

15:54 - 21 Yanvar 2016

"Turnir irəli sürdüyüm proqram üzrə baş tutdu"

 
"Qəbələ” klubunun 10 illik yubileyi münasibətilə 12 yaşadək futbolçular arasında turnir keçirilib. Yarısı “Qəbələ”nin Futbolun Kütləviləşdirilməsi, Seleksiyası, Məsq Departamenti (FKSMD) Qəbələ Şəhər Təhsil Şöbəsi ilə birgə elə Qəbələdə təşkil edib. 
 
Sportal.az xəbər verir ki, turnirdə 8 kollektiv – Qəbələ 1 saylı, 2 saylı, 3 saylı, 4 saylı, 5 saylı, eləcə də Zaragan kənd 2 saylı, Həmzəli kənd və Bum kənd orta məktəblərinin komandaları mübarizə aparıblar. Olimpiya sistemi (uduzan çıxır) üzrə gerçəkləşən yarış maraqlı, maraqlı olduğu qədər də unikallığı ilə yadda qalıb. Nəticələri qeyd etdikdən sonra turniri digərlərindən fərqləndirən cəhətə də toxunacağıq.
 
 
1/4 final
1 saylı şəhər məktəbi – Bum kənd məktəbi – 3:5
Həmzəlli kənd məktəbi – Zaragan kənd 2 saylı məktəb – 3:3, penaltilərlə – 2:1
2 saylı şəhər məktəbi – 5 saylı şəhər məktəbi – 2:8
3 saylı səhər məktəbi – 4 saylı şəhər məktəbi – 0:4
 
1/2 final
Bum kənd məktəbi – Həmzəlli kənd məktəbi – 5:1
5 saylı şəhər məktəbi – 4 saylı şəhər məktəbi – 4:4, penaltilərlə – 3:2
 
Final
Bum kənd məktəbi – 5 saylı şəhər məktəbi – 2:2, əlavə vaxtda – 1:0
 
Yubiley turnirinin qalibinə kubok, medal və diplomlar verilib. Final matçında uduzan Qəbələ şəhər 5 saylı orta məktəbinin futbolçuları isə diplom və medallarla təltif olunublar. Bundan başqa, müxtəlif nominasiyalarda fərqlənən oyunçular, məşqçilər də mükafatlandırılıblar. Eyni zamanda, Qəbələ şəhər Gənclər və Turizm İdarəsi tərəfindən yarışın hakimlərinə diplom və hədiyyələr bağışlanıb. Qəbələ şəhər Təhsil Şöbəsi isə məktəblilər arasında turniri yüksək səviyyədə keçirdiyi üçün FKSMD-nin direktoru Elşən İsgəndərova diplom təqdim edib.
 
Yarış barədə məlumat verən E.İsgəndərov təşkilatçılıqdan, iştirakçıların əzmkarlığından razı qaldığını bildirib. Onun sözlərinə görə, yubiley yarışı çərçivəsində o, özünəməxsus yeniliyi də gerçəkləşdirib: “Turnir irəli sürdüyüm proqram üzrə baş tutdu. Proqrama əsasən, oyun zamanı bütün futbolçulara şans verilməlidir. Bir matçda az çıxış edən, mübarizəyə sonradan qoşulan futbolçu növbəti matçda daha çox oynamalı idi. Bu tələb bütün futbolçuların oynaması, onların ehtiyatda “yatmamaması” üçün düşünülmüşdü. Proqramın özəlliyi ondan ibarətdir ki, mövsüm ərzində eyni uşaqlar əsas heyətdə oynamamalı və eyni uşaqlar ehtiyatda qalmamalıdırlar. Çünki əsas heyət üzvü ilə gününü ehtiyatda keçirən futbolçu arasında böyük fərq olur. Təsəvvür edin, müntəzəm olaraq, ilk “11-lik”də yer alan oyunçu bir mövsümdə 20 matça çıxırsa, ehtiyatda oturan futbolçu cəmi 2-3 dəfə forma geyinir. Belə olan halda, əsas heyət üzvlərini psixoloji cəhətdən hazırlamaq, onları oyunlara kökləmək çətinləşir. Onlar bəzən məsuliyyət hissini itirir, arxayınlaşır, hətta nizam-intizam qaydalarını pozmağa meyl edirlər. Ehtiyatda qalan futbolçu isə ruhdan düşür ki, bu da onun gələcəkdə püxtələşməsinə mənfi təsir göstərir”.
 
FKSMD rəhbəri bildirib ki, yeni proqram “Qəbələ”nin yubiley turnirində ilk dəfə tətbiq edilməsinə baxmayaraq, çox səmərəli olub: “Çünki bütün uşaqlar oynadılar, hamı razı qaldı. Ehtiyatda qalıb, məşqçisinə etiraz edən olmadı. Əminliklə demək olar ki, proqram elə ilk yarışda müsbət cəhətlərini göstərdi”. E.İsgəndərov müəllifi olduğu proqram haqqında AFFA-nın Futbol Akademiyasını da məlumatlandırıb.
 
"Qəbələ İK" qəzeti

Xəbər xətti