"İkinci dövrədə uğurlu çıxışımızı davam etdirməyi düşünürük"
Azərbaycan Premyer Liqası və əvəzedici heyətlərin çempionatında oldugu kimi, AFFA-nın uşaq və yeniyetmə futbolçular üçün təşkil etdiyi liqalara da qış fasiləsi verilib.
Sportal.az xəbər verir ki, “Qəbələ”nin aşağı yaş qruplarında mübarizə aparan komandaları mövsümün ilk yarısını uğurla başa vurublar.
U-19 Liqası
Hüseynqulu Quliyevin başçılıq etdiyi U-19 komandamız ilk pillədə olmaqla bərabər, ən çox qol vuran və ən az uduzan kollektivdir. Çempionata səfər oyununda “Bakı”ya 3:4 hesablı məğlubiyyətlə başlayan “qırmızı-qaralar” sonrakı turlarda meydanı daha çox qalib kimi tərk ediblər. 19 yaşlılarımızın yeganə heç-heçəsi ən yaxın izləyicisi “Zirə” ilə səfər oyununda qeydə alınıb. “Qəbələ” qış fasiləsinə zirəlilərdən 2 xal irəlidə yollanıb. Yeri gəlmişkən, U-19 Liqasında ən böyükhesablı qələbəni də məhz “Qəbələ” qazanıb. Bu, III turda, AZAL - “Qəbələ” matçında qeydə alınıb – 0:7.
Hüseynqulu Quliyev, “Qəbələ” U-19-un baş məşqçisi: “Mövsümün ilk yarısını 1-ci yerdə başa vursaq da, bu, arxayınlaşmağa əsas ola bilməz. Güclü rəqiblərimiz var. Buna misal olaraq “Zirə”, “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran”ı göstərə bilərəm. Digər komandaları da zəif hesab etmirəm, hamısı mübarizliyi ilə seçilir. Buna görə də, hər matçdan öncə yetirmələrimi oyuna elə kökləməyə çalışıram ki, həm yaxşı oyun göstərək, həm də nəticə əldə edək. Qış hazırlığına artıq başlamışıq. Ölkədə keçirəcəyimiz təlim-məşq toplanışı günlərində bir neçə yoxlama oyununda qüvvəmizi sınamağı planlaşdırmışıq”.
Qeyd edək ki, komanda bu il ilk oyununu fevralın 10-da doğma meydanda “Bakı”ya qarşı keçirəcək.
S Komanda O Q H M T X
1 “Qəbələ” 11 9 1 1 31-11 28
2 “Zirə” 11 8 2 1 22-8 26
3 “Xəzər Lənk.” 11 7 2 2 18-6 23
4 “Bakı” 11 7 1 3 26-18 22
5 “Neftçi” 11 6 2 3 20-8 20
6 “Sumqayıt” 11 3 2 6 16-21 11
“U-17 Liqası”
“Qəbələ”nin U-17 komandası U-19-la oxşar göstəriciyə malikdir. 17 yaşlılar da ən çox qələbəsi və ən az məğlubiyyəti olan komanda kimi turnir cədvəlində ən yaxın izləyicisini 2 xal qabaqlayır. Fərq ondadır ki, Emin İmaməliyevin yetirmələri U-19-dan 2 oyun çox keçiriblər. Mövsümə ardıcıl 7 qələbə ilə başlayan 17 yaşlılar gözlənilmədən 8-ci turda evdə “Qarabağ”a 1:4 hesabı ilə uduzublar. U-17 komandanın yeganə heç-heçəsi son turda səfərdə “Sumqayıt”la oyunda qeydə alınıb - 2:2. “Bakcell U-17 Liqası”nın bombardirləri siyahısında da “Qəbələ” futbolçusu da var. Bu, hesabında 16 qol olan hücumçumuz Cavidan Qasımlıdır. O, liqanın ən sərrast oyunçusu olan Ülvi İbrahimovdan (“Qarabağ”) 1 qol az vurub.
Emin İmaməliyev, “Qəbələ” U-17-nin baş məşqçisi: “Yanvarın 9-da Qəbələdə bir araya gələrək məşqlərə başladıq. Çempionatda mübarizə artıq yanvarın 25-də davam edəcəyindən, qış fasiləsinin müddəti çox deyil. Komandaya bir-iki yeni futbolçunun gəlişi istisna olunmur. Çalışacağıq ki, fasilədə akademiyamızın komandaları ilə yoxlama oyunları keçirək”.
S Komanda O Q H M T X
1 “Qəbələ” 13 11 1 1 54-13 34
2 “Neftçi” 13 10 2 1 41-14 32
3 “Qarabag” 13 9 1 3 55-20 28
4 “Xəzər Lənk.” 13 8 2 3 31-19 26
5 “Inter” 13 7 3 3 30-20 24
6 “Sumqayıt” 13 6 5 2 29-14 23
7 “Vətən” 13 4 5 4 26-27 17
U-16 Liqası
“Qəbələ” U-16 komandası qış fasiləsinə yüzfaizli nəticə ilə yollanıb. Keçirdiyi 14 oyunun hamısında qalib gələn Yaşar Abuzərovun yetirmələri turnir cədvəlində ən yaxın izləyicisi “Əlincə”ni 11 xal qabaqlayırlar. 16 yaşlılar məhsuldarlığı ilə də seçilirlər. Belə ki, 72 dəfə rəqib qapısına yol tapan komanda 1 oyuna orta hesabla 5-dən artıq qol vurub. Bunun məntiqi nəticəsi kimi hücumçu Məhəmməd Abbaslı 18 qolla bombardirlər yarışında liderdir.
Yaşar Abuzərov, “Qəbələ” U-16-nın baş məşqçisi: “Əlbəttə, komandamın çıxışından razıyam. Futbolçular həm məşqlərdə, həm də oyunlarda özlərini yaxşı göstəriblər. İkinci dövrədə uğurlu çıxışımızı davam etdirməyi düşünürük. Hazırlığa yanvarın 9-da başlamışıq. Yanvarın 14-də “Neftçi” ilə çempionatda oyununda növbəti qələbəni qazanmışıq - 5:0. Ötən il keçirdiyimiz iclasda oyunçulara tapşırıqlarımızı vermişdik. Futbolçularımız 2 həftəlik fasilə müddətində onlara təqdim etdiyimiz fərdi məşq proqramları əsasında hazırlaşıblar. İki yeni futbolçunu baxışa çağırmışıq. Onları sınaqdan keçirib qərarımızı verəcəyik”.
S Komanda O Q H M T X
1 “Qəbələ” 14 14 0 0 72-6 42
2 “Əlincə” 13 10 1 2 37-6 31
3 “Qarabag” 13 8 1 4 46-24 25
4 “Xəzər Lənk.” 13 7 3 3 28-11 24
5 “Bakı” 12 7 2 3 30-16 23
6 “Neftçi” 13 7 2 4 27-11 23
7 “İnter” 13 6 3 4 26-16 21
8 “Fortuna” 13 6 2 5 28-19 20
“Boulevard Hotel U-15 Liqası”
U-15 komanda da qış fasiləsinədək yüzfaizli nəticə ilə öyünə bilər. Sadəcə, Xaqani Məmmədovun yetirmələri daha uzun müddətli – 18 oyunluq qələbə seriyasına malikdirlər. “Qəbələ” U-15 turnir cədvəlində ən yaxın izləyicilərindən, eyni xala malik “Neftçi” ilə “Xəzər Lənkəran”dan 8 xal öndədir. Hamıdan çox qol vuran (82) 15 yaşlılar eyni zamanda hamıdan az top buraxıblar (4). Bu yaş qrupunda komandanın bombardiri 15 qolla Məhəmməd Məhərrəmovdur. O, liqanın ən sərrast oyunçuları siyahısına başçılıq edən Tural Bayramovdan (“Xəzər Lənkəran”) 6 qol az vurub.
Xaqani Məmmədov, “Qəbələ” U-15-in baş məşqçisi: “İlk dövrədə uğurlu çıxış etdik. Heyətimiz yaxşı, istedadlı futbolçulardan təşkil olunub. Bu da çempionatda inamlı çıxışda əksini tapır. Yanvarın 10-da məşqlərə başlamışıq. Məqsədimiz çempionatla yanaşı, bu il keçiriləcək “Qəbələ Cup” turnirində uğurla çıxış etməkdir”.
S Komanda O Q H M T X
1 “Qəbələ” 18 18 0 0 82-4 54
2 “Xəzər Lənk.” 18 15 1 2 61-6 46
3 “Neftçi” 18 15 1 2 75-10 46
4 “Inter” 18 14 1 3 59-18 43
5 “Zirə” 18 11 3 4 36-18 36
6 “Sumqayıt” 18 11 1 6 46-20 34
7 “Qarabag” 18 10 2 6 46-19 32
8 “Neftçi İK IB” 18 8 2 8 30-27 26
9 “Vətən” 18 8 2 8 25-23 26
U-14 Liqası
“Qəbələ” U-14 komandası digər kollektivlərdən fərqli olaraq, ilk pillədə olmasa da, liderlər qrupundadır. Nəzərə almaq lazımdır ki, hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “qırmızı-qaralar” paytaxt zonasında çıxış edirlər və Bakı komandalarının çoxunu qabaqlayırlar. Famil Xəlilovun yetirmələri yeganə məğlubiyyətə VI turda lider “Neftçi” PFK ilə oyunda düçar olublar - 0:1. Komandanın liqada ən az top buraxması diqqət çəkir. Liqada ən böyükhesablı qələbə də məhz “Qəbələ”yə məxsusdur. Komanda V turda AZAL-a 16:0 (!) hesabıyla qalib gəlib.
Famil Xəlilov, “Qəbələ” U-14-ün baş məşqçisi: “Komandamızın nəticəsindən razıyam. Əvvəllər Qəbələ zonasında çıxış edirdiksə, indi rəqabəti yüksək olan paytaxt zonasında oynayırıq. Bu, inkişaf baxımından futbolçularımız üçün çox yaxşı şansdır. Yetirmələrimin güclü rəqiblərə qarşı göstərdiyi oyun məni qane edir. Mövsümün ikinci yarısına hazırlaşmağa yetərincə vaxtımız var. Çünki mübarizə fevralın ortasından başlayaraq davam edəcək. Yanvarın 9-da Qəbələdə yığışmışıq. On günlük hazırlıq keçdikdən sonra akademiyamızın komandaları ilə yoxlama oyunları keçirmək fikrindəyik. Komandaya bir yeni futbolçu cəlb etmişik. Bu, Bakının “Xəzri” klubundan hücumçu Tural Axundovdur. Başqa yeni futbolçu nəzərdə tutmamışıq. Sol cinah yarımmüdafiəçi mövqeyində oynayan Ruslan İsmayılov isə komandadan gedib. Çünki 2 ildir akademiyamızda olan bu futbolçuda istədiyimiz inkişafı görmədik”.
S Komanda O Q H M T X
1 “Neftçi” 12 12 0 0 62-4 36
2 “Qəbələ” 12 9 2 1 60-2 29
3 “İnter” 12 7 2 3 31-9 23
4 “Bakı” 12 7 1 4 28-16 22
5 “Qarabag” 11 6 2 3 28-9 20
"Qəbələ İK" qəzeti
saytlarin hazirlanmasi