Elvin Camalov: "Məqsədimiz yalnız çempionluqdur"
Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Qəbələ”nin yarımmüdafiəçisi Elvin Camalov bir neçə gündür komandanın hazırlıqlarından kənar qalıb.
Sportal.az xəbər verir ki, mövsümün ilk yarısında aldığı zədədən əziyyət çəkən gənc futbolçu artıq bu gündən fərdi məşqlərə başlayacaq.
Bir neçə gün hazırlıqlara qatılmayan Camalov durumu ilə bağlı danışıb: “Qarabağ”la Premyer Liqanın XVIII turunun oyunundan sonra zədələnmişdim. Fasilə müddətində ağrıların arxada qalacağını düşünürdüm. 3 həftəyə yaxın fasilədən sonra bir araya gəldik. Toplanışın ilk 3 günündə komandayla birlikdə hazırlıq keçdim. Lakin sonra yenidən ağrılar hiss etdim. Komandamızın həkimi ilə məsləhətləşdik. 4-5 günlük fasilə verməyi məqsədəuyğun saydıq. Artıq bu gündən fərdi məşqlərə start verəcəm”.
Camalov gələn həftə start götürəcək mövsümün ikinci yarısı haqda fikirlərini də bildirib. O, hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan komandanın hədəfinin çempionluq olduğunu və qızıl medallar uğrunda mübarizəni davam etdirəcəklərini qeyd edib: “Ötən il “Qəbələ” üçün uğurlu oldu. Bu il də həmin uğuru davam etdirmək istəyirik. Qarşımıza qoyduğumuz məqsəd yalnız çempionluqdur. Hazırda çempionatın lideri “Qarabağ”la aramızda 10 xallıq fərq var. Təlim-məşq toplanışında da fikrimizi çempionata daha yaxşı hazırlaşmağa yönəltmişik. Çalışırıq ki, mövsümün ikinci yarısına tam hazır olaq. İnanıram ki, 2016-cı ildə hamı tam fərqli, daha güclü “Qəbələ” görəcək. “Qarabağ”la xal fərqini də aradan qaldırıb, qızıl medallar qazanmaq uçun mübarizə aparacağıq. Klubun akademiyasının yetirməsi kimi “Qəbələ” ilə çempionluq hissi yaşamaq istəyirəm”.
Camalov “Qəbələ”nin heyətində 57 oyun keçirib. Bunlardan 47-si Premyer Liqa, 5-i Avropa Liqası, 5-i Azərbaycan kubokuna təsadüf edib.
saytlarin hazirlanmasi