"Qəbələ" cüdoçusu: "Onlar məndə olan potensialı gördülər"

12:59 - 22 Yanvar 2016

"Cüdo həyatımı büsbütün dəyişib"

 
“Qəbələ” klubunun bölgədə idmanın təbligi və inkisafı üçün gördüyü işlər göz önündədir. Klubun bu yöndə uğurlu fəaliyyəti nəticəsində Qəbələdə xeyli sayda uşaq və yeniyetmə idmanın müxtəlif bölmələrinə cəlb olunub. Rayonumuzda yüzlərlə idman həvəskarı cüdo, boks, taekvondo və güləş bölmələrində məsğul olduqları idmanın sirlərinə bələd olmaqla yanası qazandıqları nəticələrlə ölkə idmanına töhfə verməkdədir.
 
Sportal.az xəbər verir ki, bu mənada, cüdoçuların uğurları xüsusilə qeyd edilməlidir. Belə ki, ötən ilin son günlərində Bakıda təşkil olunan ölkə birinciliyində 9 idmançı (3 qızıl, 2 gümüş və 4 bürünc) yarışı fəxri kürsüdə başa vurub ki, bunların da ikisi - İmran Yusifov (90 kq) və Fazilə Aslanova (40 kq) rayon bölməsinin yetirmələridir. Bu, həm də “Qəbələ”nin cüdo bölməsinin baş məşqçisi Ramil İsmayılov və rayon bölməsinin məşqçisi Rail İsmayılovun uğurudur. Gənc mütəxəssislər buna qədər bir çox tələbələrinin uğuruna sevinsələr də, İmranın əldə etdiyi nəticənin xüsusi yeri var. Belə ki, sensasiyaya imza atan istedadlı cüdoçumuz Qəbələ rayon bölməsinin bu idman növündə yeniyetmələr arasında Azərbaycan çempionu olan ilk təmsilçisidir. Elə buna görə də, gənc istedadın yenicə başlayan idman həyatına, azacıq da olsa, işıq salıb, onu oxucularımızla bir qədər yaxından tanış etmək qərarına gəldik.
 
Qəbələnin Əmirvan kəndində dünyaya göz açan İmran peşəkar cüdo ilə bir qədər gec, daha dəqiq desək, 15 yaşında tanış olub. Buna qədər isə kəndin əksər uşaqları kimi gününü tay-tuşları ilə məhəllədə top qovmaqla, bəzənsə qurşaq tutmaqla keçirib. Lakin qanındacanında idmana olan sevgisi hələ o çağlarda da, diqqətdən kənarda qalmayıb. Bu sevgi onu Əmirvanda idmana xüsusi sevgisi ilə tanınan və elə bu səbəbdən cavanları başına yığıb, onlara fiziki hazırlıq keçən bir müəllimin yanına gətirir. İmran rayonun cüdo bölməsinə, Rail İsmayılovun yanına da elə onun məsləhəti ilə gəlir. Bir neçə məşqdən sonra Rail müəllim gələcəyin çempionunu “kəşf etdiyini” hiss edir və gənc mütəxəssis qərarını verir:
“Sən cüdo ilə mütləq məşğul olmalısan!”.
 
Beləliklə, İmran “cüdonun əlifbası”nı Rail müəllimdən öyrənməyə başlayır.Gənc mütəxəssis qərarında yanılmamışdı. Çox keçmir, yeniyetmə tələbəsi ona bəslənən ümidləri doğruldur. 1.90 metr boya malik İmran 2014-cü ildə Bakıda keçirilən yeniyetmələrin respublika birinciliyində 3-cü yerə çıxaraq yığma komandaya düşür. Qeyd edək ki, İmran bu nəticəni qazananda cüdo ilə, vur-tut, bir neçə ay idi məşğul olurdu. Doğrudur, yapon güləşinin sirlərini yenicə mənimsəməyə başlayan İmran daha yaxşı nəticə göstərə bilərdi. Fəqət, bundan uğurlu çıxış etməməsinin bircə səbəbi vardı: o, ölkə çempionuna qaydaları yaxşı bilmədiyinə görə uduzub.
 
İmran Yusifov cüdoda ilk günlərini belə xatırlayır: “Cüdo ilə məşğul olmağa başlayanda ciddi uğur qazanacağıma o qədər də əmin deyildim. Əksinə, məşqçilərim mənim gücümə, potensialıma çox inanırdılar. Qəbələdə başladığım, Bakıda davam etdirdiyim intensiv məşqlər tez bəhrəsini verdi.Yeniyetmələrin respublika birinciliyində 3-cü yeri tutdum. Buna görə də, məşqçilər mənim Bakıda qalaraq məşqləri davam etdirməyimi daha məqsədəuyğun hesab etdilər. Bir müddət böyüklərdən ibarət komandanın heyətində məşq etdim. Cəlil Şükürov, Vasif Şərbətli, Mərdan Qədirli və digər peşəkar cüdoçulardan çox şey öyrəndim”.
 
Çox keçmir, İmran karyerasında növbəti uğurunu qazanır. O, ötən il ağır çəki dərəcəsində Bakı birinciliyində 2-ci yeri tutur, Dağıstanda yeniyetmələr arasında keçirilən açıq turnirdə birinci olur: “Bu uğurlar cüdoya olan həvəsimi bir qədər də artırdı. Məşqçilərim ilk uğurlarımdan sonra hazırlığıma xüsusi diqqət yetirməyə başladılar. Hətta elə vaxtlar olub ki, onlar bir həftə yalnız mənimlə məşğul olublar. Onların zəhməti, komanda yoldaşlarımın dəstəyi ilə ötən ilin dekabr ayında ən böyük uğuruma imza atdım - Azərbaycan çempionu oldum. Əlbəttə, buna görə ilk növbədə, məşqçilərimə minnətdaram. Onlar məndə olan potensialı gördülər, müntəzəm məşqlərlə uğur qazanmağıma imkan yaratdılar”.
Qazandığı çempionluğu ilə “Qəbələ”nin idman tarixinə düşən İmran onu çempionluğa aparan anları, yəqin ki, heç zaman unutmayacaq: “İlk görüşüm ağır keçdi. Rəqibimi yaxşı tanıyırdım, çəkisini 100 kq-dan 90 kq-a salmışdı. Məşqlərdə ona həmişə qalib gəlsəm də, bu dəfə mənə bir qədər çətin oldu. Çünki rəqibim məndən əvvəl bir dəfə tatamiyə çıxmışdı və ikinci görüşə tam hazır idi. Üstəlik, yarış təcrübəm az olduğundan həyəcan keçirirdim. Buna baxmayaraq, qalib gəldim və növbəti qarşılaşmaları rahat keçirib çempion oldum”.
 
Gənc çempion cüdonun onun həyatını kökündən dəyişdiyini deyir. Gələcəklə bağlı böyük planlar qurur: “16 yaşım var. Ailəm də mənim böyük uğurlar qazanmağımı istəyir. Mən də həyatımı, gələcəyimi bu idmana bağlamaq, yeni-yeni nailiyyətlər qazanmağı qarşıma məqsəd qoymuşam. Məşqçilərim mənə çox güvənirlər. Hətta təkidlə deyirlər ki, turnirlərə qatıl, uduzsan belə, səni yarışlara çıxaracağıq. Belə qısa zamanda uğur qazanacağımı özüm də gözləmirdim. Cüdo mənim həyatımı kökündən dəyişib. İndi əsas istəyim beynəlxalq turnirlərdə yaxşı çıxış etmək, Azərbaycanın idman şərəfini layiqincə təmsil etməkdir. Hazırda isə Azərbaycan milli komandasının heyətində təlim-məşqlərdə iştirak edir və yaxın zamanlarda keçiriləcək beynəlxalq turnirlərə hazırlaşıram”.
 
Bu yazımızda İmranla, onun düşüncələri ilə oxucularımızı, az da olsa, tanış edə bildik. Məqaləni qəhrəmanımız haqqında onun məşqçilərinin fikirləri ilə tamamlayırıq.
 
Ramil İsmayılov: “Klub üçün İmranın qazandığı uğurların əhəmiyyəti böyükdür. Çünki bu, nəticə etibarilə həm də bölgədə idmanın inkişafına böyük diqqət yetirən klubun nailiyyətidir. İmran bir ildir mənim yanımda məşq edir. Olduqca xarakterli idmançıdır. Bu yaşda, kənddən çıxıb, ailədən ayrılaraq Bakıda yaşamaq, məşq etmək və uğur qazanmaq üçün güclü xarakter tələb olunur. O, olduqca çalışqan, zəhmətə qatlaşan, ağır məşqlərə dözən idmançıdır. Mən 14 ildir məşqçi kimi çalışıram. İndiyədək İmran qədər zəhmətkeş, məşqin ağrı-acısına tab gətirən tələbəm olmayıb. İmranı qarşıda böyük beynəlxalq turnirlər gözləyir. İnanıram ki, o, ölkə xaricində keçirilən yarışlarda da ümidləri doğruldacaq”.
Rail İsmayılov: “O, 90 kq çəki dərəcəsində Azərbaycan milli komandasının “1 nömrəsi”dir. Peşəkar idmanda bir ilə belə yüksək nəticə qazanmaq hər idmançıya nəsib olmur. Qələbə qazanmaq və irəli getməsi üçün idmançıya lazım olan bütün keyfi yyətlər İmranda var. O, ilk növbədə, çalışqanlığı ilə seçilir, qeyri-adi fiziki gücə sahibdir. Mübarizədən qorxan idmançı deyil. İmran həm də gözəl insani keyfiyyətlərə malikdir. Mən onun böyük idmançı olacağına inanıram”.
 
"Qəbələ İK" qəzeti

Xəbər xətti