"Yalnız qələbəyə köklənmişik"
"Qəbələ" ardıcıl 2-ci il Roman Qriqorçukun rəhbərliyi ilə qış hazırlığını başa vurub.
Sportal.az xəbər verir ki, Roman İosifoviç “Qəbələ İK” qəzetinə müsahibəsində Türkiyədəki 15 günlük təlim-məşq toplanışını dəyərləndirib:
- Antalya hazırlığı çox yaxşı keçdi. Hava şəraiti cəhətdən də bəxtimiz gətirdi. Yağış və ya digər səbəbdən yarımçıq qalan məşqimiz, yaxud oyunumuz olmadı. Düşündüyümüz hər şeyi həyata keçirə bildik. Odur ki, toplanışın bizim üçün uğurlu keçdiyini deyə bilərik. Bütün futbolçulardan, o cümlədən, dəvət etdiyimiz gənclərdən razı qaldım.
- Yoxlama matçlarında “Qəbələ”nin yaxşı təsir bağışladığını, oyunundakı canlanmanı müşahidə etdik.
- Dediklərinizlə tam razıyam. Yoxlama matçlarında göstərdiyimiz oyun mənim də xoşuma gəldi. Xüsusilə, “Sürix”lə görüş. Həmin matçda xeyli sayda düşünülmüş hücum və qol imkanları yaratdıq. “Dnepr”lə matçda da komandanın göstərdiyi oyun xoş sözlərə layiqdir. Yetərincə qol imkanımız vardı ki, ən azı, uduzmayaq, hətta qalib gələk. Qayla Zenyov 100 yox, 150 faizlik qol epizodlarından istifadə edə bilmədilər. Top, sadəcə, qapıya girmədi ki, girmədi. Futbolda belə şeylər olur, buna üzülməməliyik. Əsas odur ki, “Dnepr” kimi güclü, nüfuzlu rəqiblə matçda real qol epizodları yarada bildik. Bu, çox yaxşı haldır. Doğrudur, başa düşürəm ki, çatışmazlıqlar, səhvlərimiz də oldu. Ancaq ümumilikdə, hazırda oyunumuzda müsbət cəhətlər mənfidən çoxdur. Biz sakit, özünəinamlı olmalı və səhvləri aradan qaldıraraq irəli getməliyik.
- Yoxlama oyunlarının sayı sizi qane etdimi?
- Prinsipcə, 3 sınaq matçı təlim- məşq toplanışı üçün az deyil. Bundan artıq oyun keçirməyə gərək yox idi. Çünki bu mövsümdə ağır bir dövrü arxada qoymuşduq. Ona görə də, komandanın hazırkı durumu barədə bilgi əldə etmək üçün bu matçlar bizə kifayət etdi. Yeni futbolçuları iş başında gördük, bəzi oyunçuları isə yeni mövqelərdə yoxlaya bildik. Bu planda çox yaxşı, faydalı bilgi əldə etdik.
- Hansı futbolçuları yeni mövqelərdə yoxlaya bildiniz?
- Əvvəla onu deyim ki, komandada universal futbolçuların olması çox yaxşı haldır. Yeni mövqeyə gəlincə, Rikardinyonu misal göstərə bilərəm. Onun istedadı, bacarığı və xarakteri digər mövqedə – orta sahədə də oynamağa imkan verir. Rikardinyo hər 3 matçda dediyim mövqedə çıxış etdi və onunla bağlı gümanlarımızı doğrultdu. Yəni braziliyalı yalnız müdafiənin sol cinahında deyil, yarımmüdafiənin mərkəzində də oynaya bilər.
- Yəni hücumçuların arxasında oyun qurucusu kimi?
- Açığı, pleymeyker mövqeyi mənə çox da aydın deyil. Əvvəllər belə oyunçulara “dispetçer” də deyilirdi. O, müdafiəyə görə çox da məsuliyyət daşımırdı, meydanda sərbəst olurdu və yalnız hücuma cavabdeh idi. Bizdə isə futbola yanaşma fərqlidir. Komanda müdafiə olunan zaman arxa xəttə kömək etməyən, hansısa vəziyyətdə meydanda, belə deyək, istirahət edən futbolçu bizə lazım deyil. Buna görə Rikardinyonun yeni mövqeyi klassik mərkəz yarımmüdafiəçisidir. O, həm hücuma, həm də müdafiəyə kömək edir.
- Yeni futbolçumuz Rəşad Eyyubov yoxlama matçlarında necə təsir bağışladı?
- Birgə işlədiyimiz müddətdə Rəşadın daha çox çalışmalı olduğunu gördük. O, bizim sistemə uyğunlaşmalıdır. Son matç zamanı o, bizə istənilən səviyyədə kömək edə bilmədi.
- Bu səbəbdən “Dnepr”lə oyunda əvəzlədiniz?
- Mən bunu hələ ilk hissədə etdim. Eyyubov bizə lazım olanı etmirdi. Görünür, oyun sistemimizi hələ sonadək anlamayıb. Ancaq inanıram ki, o, çatışmazlıqları aradan qaldıracaq və oyun üslubumuza tam uyğunlaşacaq. Bunun tez bir zamanda olmasını həm Rəşada, həm də özümüzə arzu edirəm.
- Siz Eyyubovu daha çox sol cinah yarımmüdafiəçisi mövqeyində görürsünüz?
- Bizim oyun sistemində ola bilməz ki, kimsə yalnız solda, yaxud sağda oynasın. Cinah hücumçularına tapşırırıq ki, meydanda tez-tez yerdəyişmələr etsinlər. Fikrimcə, Rəşad cinahda və hücuma meydanın dərinliyindən qoşulan ikinci forvard kimi oynaya bilər.
- Baxışdan keçirdiyiniz Pavel Paşayev haqqında fikriniz necədir?
- Pavel Azərbaycan çempionatının səviyyəsinə uyğun gələn, qarşısında dayanan vəzifələri yerinə yetirməyi bacaran futbolçudur. Prinsipicə, onun da komandamıza kömək edə biləcəyini hiss edirəm. Ancaq bu, yalnız mənim baxışlarımdır. Paşayevlə bağlı yekun qərarı rəhbərliklə birgə müzakirədən sonra verəcəyik.
- Braziliyalı hücumçu Emerson Brito dos Santosu da hazırda baxışdadır. Əcnəbi forvardın “Qəbələ”nin heyətinə düşmək şansı varmı?
- Onunla bağlı, hələ ki, qəti bir fikir söyləyə bilmərəm. Qış fasiləsində güclü legioner tapmaq heç də asan deyil. Daha bir hücumameyilli oyunçu istədiyimizi təsdiqləyə bilərəm. Ancaq təbii ki, bizə uyğun gələn variant olacağı təqdirdə, bunu dəyərləndirəcəyik.
- Üçüncü dövrədə ilk rəqibiniz olan “Kəpəz” haqda hansı məlumatları əldə bilmisiniz? Gəncə səfərindən nə gözləyirsiniz?
- Bizdən 3 xal alan “Kəpəz” yetərincə ciddi rəqibdir. Bu komanda ilə hər 2 görüşdə bizə çətin olub. Bu dəfə də asan olmayacaq. Üstəlik, səfərdə oynayacağıq. Bilirik ki, Gəncə stadionunda meydan sahibləri çox güclü azarkeş dəstəyinə malik olurlar. Buna baxmayaraq, yalnız qələbəyə köklənmişik. Məqsədimizə çatmaq üçün mümkün olan hər şeyi edəcəyik.