Antalyada 15 günlük effektiv hazırlıq və 3 fərqli nəticə

15:07 - 30 Yanvar 2016

Əldən gedən qələbə

 

Xəbər verdiyimiz kimi, “Qə­bə­lə­” Azərbaycan Premyer Liqasının ikinci yarısına hazırlasmaq m­əqs­ədilə­ yanvarın 10-da bir araya gə­lib.

 

Sportal.az xəbər verir ki, komanda t­əlim-m­əşq toplanısı üçün ­ənənəyə uyğun olaraq Türkiyə­nin Antalya bölgə­sini seçib. Plana ­əsasə­n, Antalyanın Belek bölgə­sində­ki “Gloria Serenity” otelində­ m­əskunlaşan “qırmızı-qaralar” 3 yoxlama matçında qüvv­əsini sınayıb.

 

Abışovun gedişi və 76-cı görüş

Hazırlığın ilk günləri məşqlərə sərf olunub. Gündə hərdən 1, hərdən isə 2 dəfə məşqə çıxan Roman Qriqorçukun yetirmələri müxtəlif fiziki təmrinləri, eləcə də toplu çalışmaları yerinə yetiriblər. Bu ərəfədə heyətdə itkinin olması diqqət çəkib. Yalnız belində ağrılar hiss edən Ruslan Abışov toplanışı yarımçıq dayandıraraq müayinə məqsədilə Almaniyanın Münhen şəhərinə yollanıb.

 

“Qəbələ” qardaş ölkədə birinci oyununu yanvarın 16-da Almaniyanın “Osnabryuk” komandasına qarşı keçirib. Bəri başdan bildirək ki, əsası 1899-cu ildə qoyulan “Osnabryuk” hazırda ölkə çempionatının 3-cü liqasında mübarizə aparır. Komanda 21 turdan sonra 32 xalla 4-cü pilləni tutur. “Osnabryuk”la görüş “Qəbələ”nin tarixinə 76-cı yoldaşlıq matçı kimi düşüb. Arxada qalan 75 oyunun 34-də qələbə qazanan “qırmızı-qaralar”, 26 dəfə uduzub, 15 dəfə isə heç-heçəyə razılaşmışdılar. Topların nisbəti "Qəbələ"nin lehinədir – 120:85.

 

Əldən gedən qələbə

R.Qriqorçuk “Qəbələ”nin 2016-cı ildə ilk oyununda Andrey Popoviç, Arif Daşdəmirov, Rafael Santos, Vojislav Stankoviç, Məhəmməd Mirzəbəyov, Vadim Abdullayev, Aleksey Qay, Sergey Zenyov, Rəşad Sadiqov, Ermin Zets və Aleksey Antonovu start heyətində meydançaya buraxıb. İlk dəqiqələrdən üstünlüyə yiyələnən futbolçularımız birinci hissədə, azı, 3 dəfə fərqlənməyə yaxın olublar. Tək elə Ermin Zets 2 müxtəlif epizodda əlverişli imkandan yararlana bilməyib. Onun yaxın məsafələrdən “çərçivə”yə göndərdiyi zərbələri “Osnabryuk”un qapıçısı Marvin Şvabe qaytarıb. Elə Aleksey Qayın 16 metrlikdən yerinə yetirdiyi cərimə zərbəsi zamanı da Şvabe komandasını real qoldan xilas edib. İkinci hissədə təzyiqi davam etdirən komanda, nəhayət, 57-ci dəqiqədə istəyinə çatıb. Sergey Zenyovun qapıya paralel ötürməsini Zets qola çevirib - 1:0. Oyunun gedişində “Qəbələ”nin heyətində bir sıra dəyişikliklərin edilməsi, yəni Bəhlul Mustafayev, Vitali Vernidub, Rikardinyo, Yusif Nəbiyev, Rəşad Eyyubov, Qismət Alıyev, David Pietrzkieviç, Samir Zərgərov, Asif Məmmədov, baxışda olan Pavel Paşayevin mübarizəyə qoşulması istər-istəməz oyunumuza təsir göstərib. Tədricən fəallaşan rəqib ardıcıl 2 dəfə qapımız önündə təhlükəli vəziyyət yaradıb. 83-cü dəqiqədə künc zərbəsindən sonra David Pisotun aşağı uzaq küncə vurduğu top qapıdan keçib. Qalan vaxtda tərəfl ərin cəhdlərinə baxmayaraq 1:1 hesabı dəyişməyib.

 

Matəm günündə darmadağın

“Osnabryuk”la görüşdən sonra hazırlıqları davam etdirən komandada Elvin Camalovun zədələnməsi əhval- ruhiyyəni bir qədər korlayıb. Gənc dayaq yarımmüdafi əçisi bu səbəbdən yanvarın 20-də İsveçrənin “Sürix” klubu ilə görüşdə forma geyinə bilməyib. Rəqibdən söz düşmüşkən, İsveçrə Superliqasında yarışan “Sürix” qış fasiləsinə 9-cu pillədə yollanıb. “Qəbələ” mərkəzi avropalılarla görüşə Dmitri Bezotosnı, Arif Daşdəmirov, Rafael Santos, Vojislav Stankoviç, Məhəmməd Mirzəbəyov, Vadim Abdullayev, Aleksey Qay, Rəşad Eyyubov, Sergey Zenyov, Ermin Zets və Dododan ibarət ilk “11-lik”lə başlayıb. Oyun 20 yanvar faciəsinin ildönümünə təsadüf etdiyindən, futbolçular meydançaya qara sarğı ilə çıxıblar. Start fiti çalınan kimi dərhal irəli atılan təmsilçimiz oyuna nəzarəti tam ələ keçiriblər. Ardıcıl həmlələr 27-ci dəqiqədə bəhrəsini verib. Çoxgedişli kombinasiyadan sonra hücumu məntiqi sonluğa çatdıran Vadim Abdullayevin zərbəsindən sonra top qapı dirəyinə dəyərək tora qovuşub. Məğlub duruma düşən “Sürix” ön xətdə fəallaşaraq, Dmitri Bezotosnını bir neçə epizodda oyuna ciddi şəkildə qoşulmağa məcbur edib. Lakin isveçrəlilərin bundan artığına gücləri çatmayıb. Baş məşqçi 12 dəyişiklik etsə də, oyun planında geriləmə hiss edilməyib. Əksinə, Pavel Paşayev, Vitali Vernidub, Ürfan Abbasov, Rikardinyo, Samir Zərgərov, Aleksey Antonov, Andrey Popoviç, Rəşad Sadiqov, Roman Hüseynov, Qismət Alıyev, Asif Məmmədov və Yusif Nəbiyevə şans verilməsi “Sürix”i darmadağına sürükləyib. Maraqlıdır ki, rəqibin qapısına vurulan qalan 3 qolun müəllifi məhz əvəzetmədən meydançaya daxil olan futbolçular olublar. Öncə 73-cü dəqiqədə Aleksey Antonov hesabı 2:0-a çatdırıb. O, qapıçının kobud səhvindən sonra qurulan hücum zamanı fərqlənib. Bundan 2 dəqiqə sonra Ürfan Abbasovdan ötürmə alan Antonov qarşısındakı 3 müdafiəçiyə baxmayaraq, qapını dəqiq nişan alıb – 3:0. Qarşılaşmada son nöqtəni isə 80-ci dəqiqədə Samir Zərgərov qoyub. Yenə müdafiədəki kobud səhvdən sonra topa sahib çıxan komanda Zərgərovu qapıçı ilə “duel”ə yollayıb. Həmyerlimiz əla fürsəti boşa verməyincə, “Sürix” 4-cü dəfə topu qapısından çıxarmalı olub.

 

Avroliqanın finalçısına məğlubiyyət

“Qəbələ” Antalya toplanışı çərçivəsində son yoxlama matçını yanvarın 24-də Ukraynanın “Dnepr” klubu ilə keçirib. Bu görüşü “ukraynalı məşqçilərin dueli” də adlandırmaq mümkündür. Çünki həm “qırmızı-qaralar”ın çalışdırıcısı Roman Qriqorçuk, həm də Dnepropetrovsk təmsilçisinin baş məşqçisi Miron Markeviç ukraynalıdır. Ümumiyyətlə, “Dnepr” Ukraynanın ən sanballı klublarından biri olmaqla yanaşı, son vaxtlar beynəlxalq miqyasda da uğurlara imza atmaqdadır. Öz ölkəsində 2 dəfə gümüş, 6 dəfə isə bürünc medal qazanan “Dnepr” ötən mövsüm Avroliqanın fi nalına qədər irəliləyib. Həlledici matçda Ukrayna klubu İspaniyanın “Sevilya” komandasına 2:3 hesabı ilə uduzub. Daha bir maraqlı fakt ondan ibarətdir ki, istər “Qəbələ”, istərsə də “Dnepr” cari mövsüm qış fasiləsinə 4-cü pillədə yollanıb. Özü də hər iki kollektiv eyni miqdarda – 28 xal toplayıb. “Gloria Sport Arena”da gerçəkləşən görüş zamanı “Qəbələ”nin start heyətində Dmitri Bezotosnı, Arif Daşdəmirov, Rafael Santos, Vojislav Stankoviç, Məhəmməd Mirzəbəyov, Vadim Abdullayev, Aleksey Qay, Rəşad Eyyubov, Aleksey Antonov, Ermin Zets və Dodo yer alıb. Qarşılaşmaya “Dnepr” daha fəal başlayıb. Bunun nəticəsidir ki, ilk təhlükəli vəziyyəti rəqib yaradıb. Lakin Edmarın, təxminən, 25 metrlik məsafədən zərbəsindən sonra Bezotosnı topu qaytarmağı bacarıb. Tədricən mübarizəni bərabərləşdirən komanda 17-ci dəqiqədə qol vurub. Dodo-Antonov-Zets-Qay-Dodo kombinasiyasını sonuncu futbolçu qapıya zərbə ilə tamamlasa da, hakimlər ofsayd qərarı veriblər. Az sonra “Dnepr”in qapıçısı cərimə meydançasına göndərilən topu tirin üstündən aşırmaqla, daha bir təhlükəni sovuşdurub. Təəssüf ki, 39-cu dəqiqədə adi hücumların birində Edmar o qədər də güclü olmayan zərbə ilə hesabı açıb. Fasiləyə qədər “Qəbələ” növbəti arzuolunmaz halla üzləşib. Rəşad Eyyubovun əvəzinə meydançaya daxil olan Rəşad Sadiqov vur-tut 3 dəqiqədən sonra rəqib qapıçı ilə toqquşaraq zədələnib. Onun yerinə mübarizəyə qoşulan Sergey Zenyov isə fəallığı ilə seçilib. Estoniyalı hücumçu ikinci hissədə bir neçə əlverişli imkanı boşa verib. “Qəbələ”nin ən real qol epizodu isə 80-ci dəqiqəyə təsadüf edib. Ancaq sol cinahdan göndərilən topa Aleksey Qayın endirdiyi əla baş zərbəsini bu dəfə də “Dnepr”in qapıçısı zərərsizləşdirib.

 

Beləliklə, Avroliqanın finalçısına minimal hesabla uduzan “qırmızı-qaralar” yanvarın 25-də Antalya-İstanbul-Gəncə reysi ilə vətənə dönüblər.

 

"Qəbələ İK" qəzeti

Xəbər xətti