Hazırlıq bitdi, mübarizəyə davam

11:59 - 31 Yanvar 2016

20 futbolçu ilə

 

2015/16 mövsümünün ilk yarısını zirvədə bitirən “Qəbələ”nin əvəzedici heyəti dövrlərarası fasilədə ciddi hazırlıq keçib.

 

Sportal.az xəbər verir ki, öncə Qəbələdə təlim-məşq toplanısında olan gənc futbolçular yanvarın 16-da Türkiyənin Antalya şəhərinə uçublar. Mülayim iqlimə, əlverişli şəraitə malik bu kurort zonasında gerçəkləşən 1 həftəlik hazırlıq zamanı komanda 2 yoxlama matçına çıxıb.

 

20 futbolçu ilə

Qardaş ölkəyə 27 nəfərdən ibarət heyət yollanıb. Məşqçi və texniki korpusu çıxsaq, kollektivdə 20 futbolçu – Həsən Hüseynov, Süleyman Süleymanov, Elnur Orucov, Baxşəli Baxşəliyev, Ayxan Əsədov, Tural Məmmərzayev, Sahil Mirzəyev, Emin Zamanov, Ülvi İbazadə, Ülvi İsgəndərov, Yusif Dilanov, Əziz İsmayılov, Şamil Camaləddinov, Ramil Həsənov, Rövlan Muradov, Hacıağa Hacıyev, Vəzir Musayev, Amin Seydiyev, Ehtiram Şahverdiyev və Şirməhəmməd Məmmədov yer alıb. Bundan başqa, “Qəbələ”nin U-19 komandasının bir neçə üzvü də hazırlıq prosesinə cəlb edilib. Əvəzedicilərin digər 3 futbolçusu - Bəhlul Mustafazadə, Roman Hüseynov və Yusif Nəbiyev isə əsas komandanın heyətində Antalyada hazırlıqda olub.

 

Almanlarla başabaş mübarizə

Əsasən texniki və taktiki hazırlığa diqqət yetirən baş məşqçi Ramin Quliyev yanvarın 19-da yetirmələrini ilk yoxlama görüşündə sınaqdan keçirib. Rəqib qismində Almaniyanın “Ayntraxt” klubunun gənclər komandası seçilib. “Qəbələ”nin heyətində Həsən Hüseynov (Elnur Orucov), Tural Məmmərzayev, Murad Musayev, Sahil Mirzəyev, Amin Seydiyev (Əziz İsmayılov), Yusif Dilanov (Hacıağa Hacılı), Emin Zamanov, Ülvi İbazadə (Ülvi İsgəndərov/Rövlan Muradov), Ramil Həsənov, Şamil Camaləddinov və Ehtiram Şahverdiyev mübarizə aparıb. Qarşılıqlı hücumlarla başlayan oyunda erkən qol qeydə alınıb. Belə ki, artıq 4-cü dəqiqədə “Ayntraxt” Sedrik Hellerin sayəsində hesabı açıb. Məğlub duruma düşən komanda təzyiqi artırıb və bir neçə dəfə təhlükəli vəziyyət yaradıb. Məqşçilər korpusu oyunun gedişində dəyişikliklər etməklə, hücumların kəsərini artırıb. Ancaq ələ düşən imkanlardan istifadə etmək müşkülə çevrilib. “Qəbələ” – 0, “Ayntraxt” – 1.

 

İnamlı qələbə

Əvəzedicilər yanvarın 22-də, yəni təlim-məşq toplanışının son günündə növbəti dəfə qüvvələrini sınayıblar. Razılaşmaya əsasən, komanda Danimarkanın U-19 yığması ilə qarşılaşmalı idi. Lakin sonradan danimarkalılar qeyri-müəyyən səbəbdən görüşdən imtina ediblər. Belə olan halda, “qırmızı-qaralar” Türkiyə Superliqasında yarışan “Antalyaspor”un əvəzedici heyəti ilə üz-üzə gəliblər. “Qəbələ”nin ilk “11-liy”i Murad Popov, urad Musayev, Tural Məmmərzayev, Amin Seydiyev, Yusif Nəbiyev, Emin Zamanov, Qismət Alıyev, Ramil Həsənov, Roman Hüseynov, Sahil Mirzəyev və Ülvi İbazadədən ibarət olub. Matçın ilk dəqiqələrindən üstünlüyə yiyələnən təmsilçimiz oyuna diktə etməyi bacarıblar. Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv birinci hissədə antalyalıları 2 dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Komandanın heyətində Ramil Həsənov və Emin Zamanov fərqlənib. Qarşılaşmanın gedişində Ülvi İsgəndərov Ülvi İbazadəni, Əziz İsmayılov Amin Seydiyevi, Rövlan Muradov Sahil Mirzəyevi, Hacıağa Hacılı Emin Zamanovu, Vəzir Musayev Tural Məmmərzayevi əvəzləyib. Bu dəyişikliklərdən sonra da “Qəbələ” oyuna nəzarəti itirməyib. Fasilədən sonra perspektivli futbolçu Rövlan Muradov hesabı 3:0-a çatdırıb. “Antalyaspor” yalnız sona yaxın təsəlli qolu vuraraq, böyükhesablı məğlubiyyətdən qaçıb. 3:1 hesablı qələbənin ardınca hazırlığı başa vuran komanda yanvarın 23-də vətənə qayıdıb.

Xəbər xətti