"Məşqçi kimi növbəti çempionluğumu "Qəbələ"də qazanmaq istəyirəm" MÜSAHİBƏ

12:39 - 1 Fevral 2016

"İlk vaxtlar iş prosesi mənə bir qədər çətin gəldi"

 

"Qəbələ"nin U-14 komandasının baş məşqçisi Famil Xəlilov “Qəbələ İK” qəzetinə  müsahibə verib.

 

Sportal.az xəbər verir ki, çalışdırıcı birinci dövrəni dəyərləndirib, qarşıda duran vəzifələrdən danışıb.


 

– Məşqçilik karyeranızda ilk dəfədir 14 yaşlılarla çalışırsınız. Bu yaş qrupu ilə işləməyin özəlliyi nədədir?
– Açığı, ilk vaxtlar iş prosesi mənə bir qədər çətin gəldi. Çünki heç vaxt azyaşlılarla işləməmişdim. Əsasən U-17, eləcə də, U-16 və U-15 komandalarında çalışmışam. Futbolçularımız istedadlıdırlar. Bu, məni çox razı salır. Komandanın hazırlıq səviyyəsinin yaxşı olması komandaya uyğunlaşmağıma təkan verdi.


– Bəs yeniyetmələrimiz yeni liqada hansı çətinliklərlə üzləşməli oldular?
– Yetirmələrim mövsümün uyğunlaşmaq baxımından müəyyən çətinlik yaşadılar. Onlar ötən mövsüm U-13-ün heyətində yarımmeydançada 9 nəfərlə, 3-2-3 taktiki sxemi ilə oynayırdılar. Bu mövsüm isə tamölçülü meydançaya 11 nəfərlə çıxır, 4-3-3 sistemi ilə mübarizə aparırlar. Uşaqlar buna tam alışanadək həm fiziki, həm də taktiki cəhətdən çətinlik çəkdilər. Bunu aradan qaldırmaq üçün liqanın matçlarında iştirak etməklə yanaşı, akademiyamızın U-14 və U-15 komandaları ilə əlavə oyunlar da təşkil etdik. Böyük meydançada oynamaq bu yaşda olan futbolçulardan fiziki güc tələb edir. Ancaq məşqlərdə çatışmazlıqları aradan qaldırdıq və ilk dövrəni yaxşı tamamladıq.


– 14 yaşlılarımız ikinci ildir paytaxt zonasında çıxış edirlər. Bunun hansı faydasını görürsünüz?
– Bölgələrdə rəqabət zəif olduğundan komandanın əsl gücünü təyin edə bilmirsən. Ancaq paytaxt zonasında tam başqa mənzərədir. Hər həftəsonu davamlı olaraq “Neftçi”, “Qarabağ”, “İnter” və “Bakı” kimi güclü rəqiblərlə mübarizədə futbolçular daha çox inkişaf edir. Paytaxt zonasında çıxış etmək təklifini dəyərləndirməyimizin bizə çox faydası oldu.


– Doğma məkandan kənarda, həmişə rəqib meydançasında oynamaq futbolçuların oyununa necə təsir edir?
– Bəli, bu baxımdan mövsümün başlanğıcında, 4-5 oyunda bizə çətin oldu. Üstəlik, yol yorğunluğu da futbolçuların çıxışına təsir edirdi. Ancaq getdikcə dediyim səbəblərdən irəli gələn həyəcan aradan qalxdı, yetirmələrim paytaxt komandaları ilə açıq mübarizəyə uyğunlaşa bildilər. İndi sanki doğma meydançada oynayırıq. Komanda mövsümün əvvəli ilə müqayisədə daha yaxşı təsir bağışlayır.


– Cari mövsümdə keçirdiyiniz 12 oyunun 1-də məğlub olmusunuz. Güclü paytaxt liqasında komandanın belə yaxşı çıxış edəcəyini gözləyirdinizmi?
– Heyətdə istedadlı, ümidverici futbolçular çoxdur. Ona görə də göstərdiyimiz nəticə gözlənilən idi. Əsində “Neftçi”yə 0:1 hesabı ilə uduzduğumuz matçda da pis təsir bağışlamamışdıq. Sadəcə olaraq, buraxdığımız səhv üzündən uduzduq.


– Yeri gəlmişkən, II dövrəyə fevralın 14-də məhz “Neftçi” ilə oyunla başlayacaqsınız. Deməli, məğlubiyyətin əvəzini çıxmaq üçün yaxşı fürsət yaranıb...
– Bu oyunun bizim üçün xüsusi prinsipiallığı yoxdur. İlə qələbə ilə başlasaq, əlbəttə, çox yaxşı olar. Ancaq istəyimizə çatmasaq belə, bu, bizim üçün son olmayacaq. U-14 Liqasında mübarizəyə final mərhələsi ilə yekun vurulacaq. Zonalarda ilk 6 yeri tutan komanda finalda oynamaq hüququ qazanacaq. Biz də bu vəzifəni, demək olar ki, həll etmişik. Əsas mübarizə final mərhələsində olacaq. Final oyunlarına bölgələrdən də komandalar qatılacaq. Deməli, bizi qarşıda daha maraqlı mübarizə gözləyir.


– Elə isə mövsümün ikinci yarısına hazırlığa toxunaq. Məşqlər necə gedir?
– Yanvarın 9-da Qəbələdə hazırlığa başlamışıq. İkinci dövrə fevralın ortasında başlayacaq deyə hazırlaşmağa çox vaxtımız var. Yoxlama oyunlarına üstünlük verəcək, U-15 və U-13 komandalarımızla görüşlər keçirəcəyik. Lazım gələrsə, yaxın bölgələrdən olan komandalarla da oynaya bilərik. Futbolçulara fərdi məşq proqramları vermişdik. Görürəm ki, onlar istirahət müddətində bundan səmərəli istifadə ediblər. Məşqlərdə yaxşı təsir bağışlayırlar, aktiv və hərəkətlidirlər.


– Bu yaş qrupunda nəticə o qədər önəmli olmasa da, çempionluq iddiasını sonadək davam etdirəcəksiniz?
– Bəli. Məşqçi kimi növbəti çempionluğumu “Qəbələ” U-14-də qazanmaq istəyirəm. Niyə də olmasın?! Hər bir məşqçinin, futbolçunun arzusu birinci olmaqdır.

Xəbər xətti