Aleksey Qay: "Buna o qədər də üzülmürəm"

12:18 - 23 Fevral 2016

"Müdafiəyə daha çox diqqət ayıran komandalara qarşı çətin olur"
 
“Qəbələ” Premyer Liqanın XXII turunun “Rəvan”la səfər oyununda 1:0 hesabı ilə qalib gəlib.
 
Sportal.az xəbər verir ki, ardıcıl 3-cü dəfə meydanı 3 xalla tərk edən “qırmızı-qaralar”ı paytaxtdakı matça kapitan kimi çıxaran Aleksey Qay oyun haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: 

“Qələbə qazanmaqla hesabımıza 3 xal əlavə etdik. Düşünürəm ki, “Rəvan”a qalib gəlməyimiz müsbət emosiyalar yaratdı. Buna görə də qələbə sevindiricidir. Matç həm də üzərində çalışmalı olduğumuz məqamları ortaya çıxardı. Onların üzərində işləyəcəyik. Bu qarşılaşmada qalib gəlmək heç də asan olmadı. Lakin əsas 3 xal idi ki, onu da əldə etdik. Rəqibin matçın hansısa bölümündə bizdən yaxşı oynadığını deyə bilmərəm. Müdafiəyə daha çox diqqət ayıran komandalara qarşı çətin olur. Matç ərzində bir neçə dəfə fərqlənmək üçün imkan əldə etsəm də, zərbələrimdə dəqiqlik çatmadı. Buna o qədər də üzülmürəm. Çünki komandamızın qələbəsi daha vacibdir. Meydana 3 xal üçün çıxmışdıq ki, bunun da öhdəsindən gəldik. Artıq 3 turdur qalib gəlirik. Növbəti turun “Xəzər Lənkəran”la matçında da qələbə qazanmağa çalışacağıq. Bizi həmin matçda da yalnız qələbə qane edir”.

Xəbər xətti