Roman Qriqorçuk: "Bu qələbə komandada eyforiya yaratmamalıdı"

17:35 - 9 Mart 2016

"Belə statistika varsa, mən özüm media işçiləri üçün taksi göndərərəm"

 

Azərbaycan Kubokunun 1/4 finalının cavab matçında "Zirə"ni 5:1 hesabı ilə məğlub edən "Qəbələ" adını yarımfinala yazdırıb.

 

Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bunları qeyd edib:

 

- Yəqin ki, hesabdan razısız... 
- Əla hesab idi. Komanda bu cür qələbə qazananda sevinirəm.

 

- Asif ümumi ansambla qoşula bilib? 
- Bu gün meydana çıxanların hamısı tam hazır futbolçulardı. Həmçinin də Asif.

 

- "Zirə" çempionatda "Qəbələ"yə çətinlik yaratsa da, kubokda bu komandaya 7 qol vurduz. Bu komandada öyrənə bilmədiyiniz cəhət qalıb? 
- Biz rəqiblərimizi maksimum analiz edirik. Bu rəqib haqda da hər şeyi öyrənmişik. Ancaq bu oyunu bir kənara qoymalıyıq. İndi ancaq bu komandaya qarşı çempionatdakı oyunu düşünürük.

 

- Bugünkü qələbə komandada arxayınlıq yarada bilər? 
- Bu qələbə komandada eyforiya yaratmamalıdı. Bunun üçün müvafiq addımlar atacağıq.

 

- Kubokun finalının Gəncədə keçiriləcəyi deyilir. Sizcə, bu meydanda oynamaq uyğundu? 
- Bu gün Gəncə stadionunun meydançası buna imkan vermir. Meydança qaydaya salınsa, əlbəttə, keçirmək olar.

 

- Sizcə, çempionatda və kubokda ən güclü rəqibiniz hansıdı? 
- Hansısa komandanın adını çəkmək istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, deyilənlərin əksinə, Azərbaycan çempionatı heç də zəifləməyib. Düşünürəm ki, komandaların bir çoxunun səviyyəsi bərabərdi. Kim daha yaxşı hazırlaşırsa, o da qalib gəlir.

 

- Yarımfinalda kimi rəqib görmək istəyərdiz? "Xəzər Lənkəran", yoxsa "Neftçi"? 
- Mənim üçün bunun heç bir fərqi yoxdu. Bu komandalardan hansı bizə rəqib olsa, deməli, daha güclüdü.

 

- Adətən, "Qəbələ"nin oyununu media nümayəndələri izləyəndə böyük hesabla qalib gəlirsiz... 
- Yox, mən heç də futbolçulara “media nümayəndələri gəldikdə daha yaxşı oynayın” təlimatı vermirəm. Belə statistika varsa, mən özüm media işçiləri üçün taksi göndərərəm.

Xəbər xətti