Təlim-məşq toplanışlarında...
Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə müddətində “Qəbələ”nin futbolçuları da yığmaların düşərgəsində olacaq.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın 5 üzvü Azərbaycanın əsas milli komandasına çağırılıb.
Müdafiəçilər Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev, Ruslan Abışov, həmçinin yarımmüdafiəçi Rəşad Eyyubov baş məşqçi Robert Prosineçki tərəfindən milliyə dəvət olunub. Onlar martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər. Təmsilçilərin yer aldığı milli komanda martın 26-da Qazaxıstan yığmasına qarşı yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi isə Avropa çempionatının seçmə mərhələsində Rusiya ilə qarşılaşacaq. Martın 24-də Rostovda baş tutacaq qarşılaşma üçün açıqlanan heyətdə “Qəbələ”nin 3 üzvü var. Əsas komandanın oyunçusu Elvin Camalovla yanaşı, əvəzedicilərin iki aparıcı futbolçusu Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə də baş məşqçi Yaşar Vahabzadə tərəfindən yığmaya çağırılıb.
U-19 Liqada liderlik edən “Qəbələ”nin futbolçuları bu yaş qrupundan olan yığmanın təlim-məşq toplanışında iştirak edib.
Martın 10-14-də Bakıda, 15-18-də Monteneqroda hazırlıq keçən millinin heyətində 5 təmsilçi səfərə yollanıb. “Qırmızı-qaralar”ın futbolçuları Elnur Orucov, Süleyman Süleymanov, Amin Seydiyev, Rövlan Muradov və Hacıağa Hacıyevin çıxış etdiyi yığmamız Monteneqro ilə 2 yoxlama oyununda da qüvvəsini sınayıb. Martın 15-dəki ilk matçda 3:2 hesabı ilə qalib gələn komandamız iki gün sonra 1:2 hesabı ilə uduzub. İlk qarşılaşmada millimizin qollarından ikisinə Rövlan Muradov imza atıb.
Bundan başqa, “Qəbələ”nin hücumçusu Ermin Zets Bosniya və Herseqovina millisinə çağırılıb. O, yığmasının heyətində martın 25-də Lüksemburqa, 4 gün sonra İsveçrəyə qarşı yoxlama görüşlərinə dəvər alıb.
saytlarin hazirlanmasi