"Bizi yalnız 3 xal qane edir"
“Qəbələ” Azərbaycan Premyer Liqasının XXVII turunun AZAL-la oyununun hazırlıqlarını davam etdirir. Azərbaycanın əsas və 21 yaşadək futbolçulardan ibarət yığmalarının heyətində olan futbolçular da, bu gün paytaxtda oyunöncəsi son məşqinə çıxacaq komandayla birgə çalışır.
Sportal.az xəbər verir ki, U-21-in düşərgəsindən qayıdan Elvin Camalov III dövrənin son oyununa hazırlıq barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb:
“Bütün oyunlarda olduğu kimi bu dəfə də bütün fikrimizi qarşıdakı matça yönəltmişik. Qarşılaşmaya ciddi hazırlaşırıq. İnanıram ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə komandanın daha yaxşı hazırlaşmasına imkan yaradıb. Səfərdə oynadığımızdan bizi çətin görüş gözləyir. Əvvəlki oyunlarda vacib xallar itirmişik. Bu üzdən vəziyyəti düzəltmək üçün uğurlu seriyaya AZAL üzərində qələbə ilə başlamalıyıq”.
Gənc yarımmüdafiəçi bu görüşdə hədəfin yalnız 3 xal olduğunu bildirib: “Bu rəqiblə dəfələrlə qarşılaşdığımızdan onlara yaxşı bələdik. Kifayət qədər yaxşı komanda ilə üz-üzə gələcəyik. Buna baxmayaraq, tam qüvvəmizlə mübarizə aparıb, qələbə əldə etməyə çalışacağıq. AZAL-la qarşılaşmada meydana 3 xal üçün çıxacağıq. Düşünürəm ki, qalib gəlmək üçün daha istəkli olmağımız lazımdır. Bizi yalnız 3 xal qane edir. Bunun üçün də əlimizdən gələni edəcəyik”.
Xatırladaq ki, cari mövsümdə AZAL-la oyunlarda (2:0, 0:0) 4 xal qazanan “Qəbələ” son 3 matçda rəqibindən qol buraxmayıb. Komandamız uduzmadığı səfərdəki son 5 oyunda 4 qələbə qazanıb və 1 heç-heçə edib.
saytlarin hazirlanmasi