Roman Qriqorçuk: "Bilsəydim ki, azarkeşlər belə tələblər edirlər, Zenyovu dəyişməzdim"

18:18 - 15 Aprel 2016

"Bu qələbə bizə çox kömək olacaq"
 
Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində "Qəbələ" doğma meydanında "Rəvan"ı 2:0 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk matçla bağlı fikirlərini bildirib:
 
- Komandamıza qələbə qazandıran qolları nə vaxt vurmağımızın heç bir əhəmiyyəti yoxdur. Əslində, hesabı daha tez açmalıydıq. Lakin indi bunun fərqinə varmıram. Bu qələbə bizim üçün çox vacib idi. Buna da nail olduq. Ümid edirəm ki, bu qələbə bizə özünəinam, müsbət əhval-ruhiyyə gətirəcək. Çünki son turlarda layiq olduğumuz nəticələri qazana bilməməyimiz futbolçulara da mənfi təsir edirdi. Nəticədə onlar yaxşı əhval-ruhiyyədə olmur, matça lazımi səviyyədə köklənə bilmirdilər. Yaxşı oldu ki, qalib gəlib, bu çətinliyi adlaya bildik. Hər dəfə hakimlik haqda danışmaq istəmirəm. Meydandan kənarlaşdırılmağıma gəlincə, bunu qəbul edirəm. Hakimdən bunun səbəbini soruşdum. O, texniki zona xəttini keçdiyim üçün bu cəzaya məruz qaldığımı bildirdi. Oyunlarımızın təxminən 1/3-də aşkar üstünlüyə malik olub, qol imkanları yaratmışıq. Lakin bu şanslardan yararlana bilmədiyimizdən vacib xallar itirmişik. Qol vəziyyətlərindən istifadə ilə bağlı çatışmazlıqları tam aradan qaldırmamışıq. Bunun üzərində çalışırıq.
 
- Azarkeşlər oyunun gedişində Sergey Zenyovun əvəzinə Rəşad Eyubovun meydana daxil olmasını tələb edirdilər…
- İndi sizdən eşitdim. Bilsəydim ki, azarkeşlər belə tələblər edirlər, Zenyovu dəyişməzdim. O, yaxşı futbolçudur. Azarkeş oyuna gəlir və bizi dəstəkləyir. Onlar üçün fərqi yoxdur kim oynayır, kim oynamır. Onlar bizdən qələbə tələb edirlər.
 
- Komandada zədəli futbolçular çoxdur. Bu, sizə problemlər yaratmayacaq?
- Bəli, razıyam. Amma hansı dəqiqələrdə qol vurmağımızdan asılı olmayaraq bizə qələbə lazımdır. Ruslan Abışovun durumundan xəbərim yoxdur. Ümid edirəm ki, zədəsi yüngül olar. Santosun növbəti oyuna hazır olacağı gözlənilir.

Xəbər xətti