Qay, Elvin Camalov və Rikardinyo məktəblilərlə görüşdü VİDEO
14:14 - 19 Aprel 2016
"İnanırıq ki, bu məktəblərdən təkcə Azərbaycan yox, Avropa səviyyəli futbolçular çıxacaq"
"Qəbələ" İdman Klubu məktəblərlə bağlı layihəsini davam etdirir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən günlər ərzində klub nümayəndələri və futbolçular Qəbələ şəhərində 5, kəndlərdə isə 8 məktəbi ziyarət ediblər.
16 mart tarixində klubun kommersiya direktoru Mustafa Aztopal, əsas komandanın yarımmüdafiəçisi Aleksey Qay və akademiya yetirməsi Elvin İmanlı 4 saylı orta məktəbdə olublar. Məktəbin akt zalında keçirilən tədbirdə şagirdlərə komanda və onun uğurları barədə məlumat verilib.
Daha sonra "Qəbələ"nin Avropa Liqası oyunları və dünya futbolundakı gözəl məqamlardan ibarət video çarx nümayiş etdirilib.
Həmin gün klub rəsmiləri və futbolçular daha bir təhsil ocağını - 3 saylı orta məktəbi də ziyarət ediblər.
Aksiyanın məqsədi barədə məlumat verən klubun kommersiya direktoru Mustafa Aztopal görülən işlərin gələcəyə hesablandığını bildirib və şagirdləri Qəbələ şəhər mərkəzi stadionuna - futbol matçlarına dəvət edib:
“Gələcəyə hesablanan genişşaxəli aksiyaya start vermişik. Cari mövsüm başa çatanadək Qəbələdəki 68 məktəbin hamısını ziyarət edəcəyik. Layihədə iki məqsədimiz var. Birincisi, uşaqların təhsili ilə maraqlanmaq, onlara yardımçı olmaq, ikincisi isə kluba olan sevgisini artırıb, oyunlarımıza azarkeş kimi cəlb etməkdir. İnanırıq ki, bu məktəblərdən təkcə Azərbaycan yox, Avropa səviyyəli futbolçular çıxacaq. Sizi Qəbələdə keçirilən oyunlarda stadionda da görmək istərdik”.
Görüşün sonunda məktəblilərin sualları cavablandırılıb və xatirə şəkli çəkdirilib.
17 mart tarixində daha 2 məktəb ziyarət olunub. Bu dəfə Mustafa Aztopalı digər futbolçular - Rikardionyo ilə Elvin Camalov müşayiət edib. Əvvəlcə 2 saylı orta məktəbdə olan heyət, daha sonra 5 saylı orta məktəbə gedib.
6 və 7 apreldə isə 8 kənd məktəbi ziyarət olunub. Klub nümayəndələri bu tarixlərdə Zarağan, Böyük Pirəlli, Soltan Nuxa, Böyük Əmilli, Hacıalılı Çuxur Qəbələ, Kürd kəndlərində yerləşən orta məktəblərə baş çəkiblər. Görüşlər son günlərdə cəbhədə baş verən döyüşlər zamanı şəhid olan hərbçilərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bu məktəblərdə də şagirdlərə klub haqda məlumatlar verilib, Qəbələnin avropa liqasındakı iştirakı və dünya futbolundakı maraqlı anlardan ibarət video nümayiş etdirilib.
Mustafa Aztopal görüş zamanı məktəblilər arasında kiçik yarışma keçirib. Qəbələ futbol komandası barədə verilən sualı düzgün cavablandıran şagirdə kitab hədiyyə edilib.
Sonda Qəbələ İdman Klubu rəhbərliyinin azarkeşlərə məktubu oxunub.