"Futbolda səhvin olmaması mümkünsüzdür"
"Neftçi” ilə oyun haqda indi nə isə söyləmək çətindir. Artıq neçənci dəfədir ki, yaradılan qol imkanlarından istifadə edə bilmirik. Əgər bundan maksimum yararlansaydıq, daha çox qol vurardıq. Lakin rəqibin xırda səhvlərimizdən də istifadə etdiyini nəzərə alsaq, hesabı qanunauyğunluq kimi dəyərləndirmək olar".
Sportal.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin futbolçusu Aleksey Qay klubunun rəsmi saytına açıqlamasında deyib. Premyer Liqanın XXXII turunda "Neftçi” ilə 2:2 hesabı ilə başa çatan ev matçında hesabı açan 34 yaşlı ukraynalı yarımmüdafiəçi bunadək "Xəzər Lənkəran”la XXXI turun çempionat (1:0) və "Neftçi” ilə kubok (1:1) görüşlərində də fərqlənmişdi. XXX tur çərçivəsində "Rəvan”la matçı (2:0) cəza üzündən buraxan orta sahə oyunçusunun XXIX turda "Sumqayıt”a da (1:1) qol vurduğunu nəzərə alsaq, o, meydana çıxdığı son 4 qarşılaşmada fərqlənib: "Futbolda səhvin olmaması mümkünsüzdür. "Neftçi" ilə matçda hesabda iki dəfə önə keçdik. Bəlkə də konsentrasiyanın ani itirilməsi hər iki halda hesabın bərabərləşməsi ilə nəticələndi”.
Aprelin 27-də Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda, mayın 1-də isə Premyer Liqanın XXXII turunda "Neftçi” ilə görüşən "qırmızı-qaralar” mayın 4-də yenidən eyni rəqiblə üz-üzə gələcək. Qay hər iki matçda qol vurduğu komanda ilə 3-cü duelin vacibliyini qeyd edib:
"İki gün sonra baş tutacaq qarşılaşma çox vacib əhəmiyyət kəsb edir. Çünki yarımfinalın cavab oyununun dəyəri də böyükdür. Uğur qazanacaq komanda həlledici matça vəsiqə əldə edəcək. Biz də bütün bacarığımızdan istifadə edib, finala yüksəlməliyik. Futbolda bəzən belə olur ki, ardıcıl bir neçə dəfə eyni komanda ilə qarşılaşırsan. "Neftçi” ilə qısa müddətdə 3-cü dəfə oynamağımızın hansı komandanın xeyrinə olacağını demək çətindir. Belə oyunlarda rəqiblər bir-birini daha yaxşı tanıyır. Hətta müəyyən mənada rəqib komandanın necə oynayacağını da öncədən görmək olur. Düşünürəm ki, iki dəfə heç-heçə etdiyimiz "Neftçi” səddini adlayıb, finala çıxmaq üçün daha mütəşəkkil oyun nümayiş etdirməli, komanda şəklində oynamalıyıq”.
Premyer Liqada 9, kubokda 4 qol vuran yarımmüdafiəçi hər iki turnirdə "Qəbələ”nin ən məhsuldar oyunçusudur. Ümumilikdə 13 qol vuran Aleksey karyerasının da rekordunu yeniləyib. O, 12 qola imza atdığı 2005/06 mövsümünü də arxada qoysa da, rekordlar və məhsuldarlığı haqda danışmaq istəmədiyini bildirib: "Bombardirlik mənim üçün önəm daşımır. Vurduğum qollar deyil, komandamızın uğuru vacibdir. Qolu kimin vurmasının fərqi yoxdur ki, yarımmüdafiəçilər, yoxsa hücumçu rəqib qapısına yol tapır. Qollarımı saymıram, şəxsi rekordlar da maraqlı deyil. Penaltilərə gəlincə, əvvəlki klublarımda da belə zərbələri yerinə yetirdiyim vaxtlar olub”.
Ötən mövsümdə də çempionat oyunlarında 4 dəfə fərqlənməyi bacaran Qay 66 oyun keçirdiyi "Qəbələ” karyerasındakı ümumi qol sayını 17-yə çatdırıb. Bununla da Yannik Kamanana çatan Aleksey klub tarixinin bombardirləri siyahısında 5-ci yerə şərik olub.
saytlarin hazirlanmasi