UEFA "Qəbələ"nin futbolçusunu fərqləndirdi

00:28 - 6 May 2016

Siyahıda Fərid Nəbiyev də var
 
Dünən ölkəmizdə 17 yaşa qədər futbolçular arasında Avropa çempionatı start götürdü. Çempionat və iştirakçılar barədə müxtəlif yazılar hazırlayan Avropanın ali futbol qurumunun – UEFA-nın rəsmi səhifəsi bu dəfə turnirin diqqət çəkən futbolçularından bəhs edib.
 
Sportal.az xəbər verir ki, “Çempionatda izləmək üçün 16 futbolçu” başlıqlı yazıda turnirdə çıxış edəcək 16 komandanın ən vacib 1 futbolçusunun adına yer verilib və adıçəkilən futbolçunun özəllikləri sadalanıb.
 
Azərbaycan milli komandasından sözügedən siyahıya “Qəbələ” Futbol Akademiyasının yetirməsi Fərid Nəbiyevin adı salınıb. Nəbiyev haqda bu sözlərə yer verilib:
 
“Nəbiyev meydançanı yaxşı görmək qabiliyyətinə malik hücumameylli yarımmüdafiəçidir. “Qəbələ”nin futbolçusu driblinq edə və hər iki ayağı ilə zərbə vura bilir. O, başla da yaxşı oynayır. Nəbiyev künc zərbələrinin və cərimə zərbələrinin yerinə yetirilməsində də əsas rol oynayır”.
 
Siyahıda digər komadalardan aşağıdakı futbolçuların adları sadalanıb:
 
A qrupu
Azərbaycan – Fərid Nəbiyev (“Qəbələ”)
Belçika – Mayl Svilar (“Anderlext”)
Portuqaliya – Xose Qomez (“Benfika”)
Şotlandiya – Liam Bart (“Reyncers”)
 
B qrupu
Avstriya – Romano Şmit (“Şturm” Qraz)
Bosniya və Hersoqovina – Nedim Hadziç (“Sarayevo”)
Almaniya - Renat Dadaşov (“Leypsiq”)
Ukrayna – Sergey Buletsa (“Dinamo” Kiyev)
 
C qrupu
Danimarka – Yens Odgaard (“Linqbi”)
İngiltərə - Reyss Nelson (“Arsenal”)
Fransa – Alban Lafont (“Tuluza”) – Qapıçı mövqeyində çıxış edən Lafont Fransada – Liqa 1-də forma geyən ən gənc qapıçı kimi tarixə düşüb. O, 2015-ci ilin noyabr ayında 16 yaş 310 günlüyündə “Nitsa”ya qarşı meydançaya çıxıb.
İsveç – Jozef Kolley (“Çelsi” İngiltərə) – Perspektiv vəd edən müdafiəçi 2015-ci ilin iyul ayında “Çelsi” ilə müqaviləyə imza atıb.
 
D Qrupu
İtaliya – Mois Kin (“Yuventus”)
Hollandiya – Tahit Çonq (“Feyenoord”)
Serbiya – Deyan Yoveliç (“Srvena Zvezda”)
İspaniya - Oriol Buskets (“Barselona”)

Xəbər xətti