Qismət Alıyev: "Düşünürəm ki, bu vəzifənin öhdəsindən gəlmək gücündəyik"
Premyer Liqanın XXXV turunda AZAL-la qarşılaşan “Qəbələ” 2:0 hesabı ilə qalib gəlib. "Qəbələ" futbol akademiyasının yetirməsi olan Qismət Alıyev ardıcıl 2-ci qarşılaşmada “qırmızı-qaralar”ın formasında 90 dəqiqə meydanda olub.
Sportal.az xəbər verir ki, klubun əsas komandasında 7-ci, Premyer Liqada 6-cı matçını keçirən 19 yaşlı dayaq yarımmüdafiəçisi son oyun və əsas heyətdə yer alması ilə bağlı fikirlərini gabalafc.az-a açıqlayıb:
"AZAL-la oyun bizim üçün çox vacib idi. Bu üzdən meydana yalnız qələbə üçün çıxmışdıq. Sevinirəm ki, istəyimizə çatıb, meydanı 3 xalla tərk etdik. Ardıcıl 2-ci matçdır 90 dəqiqə meydanda oldum. Elvin Camalov zədəli olduğundan “Qarabağ” və AZAL-la görüşlərdə baş məşqçimiz mənə şans verdi. Mən də bütün bacarığımı ortaya qoydum. Çalışacağam ki, əsas heyətə 1-2 oyunluq düşmədiyimi sübut edib, burada möhkəmlənim. Son oyuna gəlincə, öz çıxışımdan tam razı qalmadım. Çünki oyun praktikam azdır. Bu da özünü göstərir. Amma oynadıqca matçdan-matça irəliləyiş hiss edirəm. Hələ potensialımı tam aça bilməməyim də bununla bağlıdır. Rəşad Sadiqov, Aleksey Qay və digər təcrübəli futbolçularla yanaşı meydanda olduqca həm təcrübə, həm oyun praktikası qazanıram. Bu da daha yaxşı çıxış etməyə kömək edir".
Qismət mövsümün Gəncədə keçiriləcək son oyunu haqda fikirlərini də açıqlayıb, bürünc mükafatların taleyi baxımından önəmli olan “Kəpəz”lə görüşün vacibliyini qeyd edib:
"Qarşıda bizi mövsümün son oyunu gözləyir. Vacib və çətin qarşılaşma olacaq. Bilirik ki, “Kəpəz” öz meydanında yaxşı mübarizə aparır və nadir hallarda uduzur. Lakin bizə də yalnız qələbə lazımdır. Buna nail olmaq üçün var qüvvəmizi meydanda qoyacağıq. Düşünürəm ki, bu vəzifənin öhdəsindən gəlmək gücündəyik. Qələbə qazanmaq üçün hücumda yaxşı oynayıb, imkanları uğurlu şəkildə sona çatdırmalıyıq".
saytlarin hazirlanmasi