"Heç bir problemin baş verməməsi üçün "Samtredia" rəhbərliyi ilə danışacağıq"
"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Sportal.az xəbər verir ki, klub rəsmisi Gürcüstan "Samtredia"sı barədə dolğun məlumata malik olmadıqlarını bildirib.
"Bilirik ki, rəqib gümüş medalçı olub. Heyəti əsasən, gürcü futbolçulardan təşkil olunub" deyən vitse-prezident mərhələ keçmək üçün əllərindən gələni edəcəklərini söyləyib.
Ötən mövsüm də "Qəbələ" Avroliqanın I təsnifat mərhələsində Gürcüstan təmsilçisi ilə üz-üzə gəlib. Həmin vaxt Tbilisi "Dinamo"su ilə səfər matçında yerli azarkeşlər stadiondan separatçı plakat asmış, nəticədə cavab görüşündə azərbaycanlı azarkeşlər Qəbələdə Gürcüstan bayrağını yandırmışdılar. F.Nəcəfov bu amili nəzərə alaraq, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində daha ciddi addımlar atacaqlarını bildirib: "Düşünürəm ki, təhlükəsizlik dövlət səviyyəsində təmin olunacaq. Hər halda ev oyunumuzda belə olacağına əminəm. Gürcüstandakı qarşılaşmada da heç bir problemin baş verməməsi üçün "Samtredia" rəhbərliyi ilə danışacağıq".
Sonda "Qəbələ" rəsmisi bir əcnəbi hücumçu transfer etmək istədiklərini də bildirib. O, hazırda transferə çıxarılmış Aleksey Antonovla Sergey Zenyovun komandaya qaytarılacağına inanmadığını, lakin bu məsələnin baş məşqçi Roman Qriqorçukdan asılı olduğunu əlavə edib.
Qeyd edək ki, "Samtredia" ilə ilk oyun iyunun 30-da, cavab görüşü isə iyulun 6-da keçirilməlidir. (report)
saytlarin hazirlanmasi