"Sabahkı oyuna çox ciddi şəkildə hazırlaşırıq"
Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Gürcüstanın "Samtredia" komandasının qonağı olacaq.
Sportal.az xəbər verir ki, "qırmızı qaralar"ın baş məşqçisi Roman Qriqorçuk matçdan bir gün öncə jurnalistlərin suallarını cavablandırıb.
- İlk oyunda qeydə alınan 5-1 hesablı nəticədən sonra cavab qarşılaşmasının sizin üçün formal xarakter daşıdığını söyləmək olarmı?
- Mən heç də belə düşünmürəm. Sabahkı oyuna çox ciddi şəkildə hazırlaşırıq.
- Hazırda göy üzünü qara duman bürüyüb. Məşq zamanı isə yağış yağacağı istisna deyil. Sabahkı oyunda qol yağışı görə bilərik?
- Biz istənilən vaxt qol vurmaq istəyirik. İnanıram ki, sabah da buna nail ola biləcəyik.
- Arenanın ot örtüyünün bərbad vəziyyətdə olması sizi narahat etmir?
- Ötən gün bu arenada "Çixura" - "Zimbru" oyunu keçirilib. Buna görə də ot örtüyü müəyyən qədər korlanıb. Ancaq inanıram ki, bu durum bizə və rəqibə problem yaratmayacaq. Yəqin ki, stadionun durumuna cavabdeh olan şəxlər çalışacaqlar və sabahkı oyuna qədər ot örtüyünü normal vəziyyətə gətirməyi bacaracaqlar.
- Mərhələ adlayacağınız halda "Aktobe" - MTK cütünün qalibi ilə qarşılaşacaqsınız. Hansı sizin üçün daha uyğun rəqibdi?
- Bu komandaların oyunlarına baxmamışam. Mərhələni keçsək, rəqibimizi izləmək və təhlil etmək üçün vaxtımız olacaq. Mən hələ ki, bu barədə düşünmürəm. Biz ilk növbədə sabahkı qarşılaşma haqqında düşünürük.
- Yeni transferiniz Teo Uiksin komandadan ayrılan Dodonun yerini doldurduğunu düşünmürsünüz?
- Ampula baxımından Dodo daha kompakt mövqedə oynayırdı. Uiks daha çox ikinci hücumçu kimi oynayır. (Futbol11.az)
saytlarin hazirlanmasi