Qəbələ"nin rəqibi - MTK
“Qəbələ”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsində rəqibi olan Macarıstanın MTK klubunun kimliyinə aydınlıq gəlib.
Sportal.az x verir ki, Vasilis Teodorunun baş məşqçisi olduğu komanda cari mövsümdə avrokubok matçlarını Dyer şəhərinin “Dyirmot” klubunun eyniadlı stadionunda keçirir.
Buna səbəb komandanın doğma “Nandor Xedeqkuti” stadionunun təmirə bağlanmasıdı. Bu arena həm klubun, həm macar futbolunun əfsanələrindən biri olan Xedeqkutinin adını daşıyır.
Ümumilikdə isə MTK zəngin avrokubok təcrübəsinə malikdi. 1955/1956 mövsümünə təsadüf edən ilk qitə miqyaslı klub turnirində də iştirak edən budapeştlilər həmin vaxt “Anderlext”lə duellərdə uğurla debüt edib (6:3, 4:1), Çempionlar Kubokunun 1/4 finalında “Reyms”ə uduzmuşdu – 2:4, 4:4. Özünün yubiley – 20-ci avrokubok mövsümünə başlayan komandanın ən böyük uğuru 52 il əvvələ təsadüf edib. 1963/1964 mövsümündə Kuboklar Kubokunun finalına yüksələn MTK həlledici dueldə “Sportinq”ə təkrar oyunda uduzub – 3:3, 0:1. 1976/1977 mövsümündə də eyni turnirin 1/4 finalınadək irəliləyən Budapeşt təmsilçisi digər cəhdlərində bir neçə mərhələdən çox keçə bilməyib.
“Aktobe” ilə bu ilki matçlaradək sonuncu dəfə 2003/2004 mövsümündə mərhələ adlayan MTK 2007/2008, 2008/2009, 2012/2013 və 2015/2016 mövsümlərində avrokuboklara qatılsa da, elə ilk rəqibinə uduzub. İndiyədək qitə miqyaslı turnirlərdə 81 matçda 31 qələbə qazanan MTK 16 heç-heçə edib və 34 dəfə uduzub.
Klubun tarixinə nəzər salsaq, MTK 1888-ci ildə yaradılıb. 128 il əvvəl yalnız qılıncoynatma və gimnastika növlərinə üstünlük verən klub 1901-ci ildə futbol bölməsi də açıb. Növbəti il aşağı dəstədə çıxış edib yüksək liqaya vəsiqə qazanan klub əvvəl 3-cü, 1904-cü ildə 1-ci yeri tutub. Bu, 23 qat Macarıstan çempionunun ilk zəfəri olub. Bu göstəricidə yalnız “Ferensvaroş”dan (29 dəfə) geri qalan komanda 1914-1925-ci illərdə ardıcıl 10 dəfə hamıdan güclü olmağı da bacarıb. Sonuncu belə uğur isə 2007/2008 mövsümünə təsadüf edib. MTK 20 dəfə gümüş medallara yiyələnməyi bacarıb. 15 dəfə ölkə kubokunun finalına yüksələn komanda 12 dəfə yarışın qalibi adını qazanıb. Bu göstəricidə də rəqibimiz yalnız “Ferensvaroş”a (22 dəfə) həsəd apara bilər. 1901-ci ildən keçirilən Macarıstan çempionatının yüksək liqasında 106 mövsüm keçirən komanda burada debüt etdiyi 1903-cü ildən sonra yalnız 3 dəfə aşağı dəstəyə düşüb. Həm 1981/1982, həm 1994/1995, həm də 2011/2012 mövsümündə budapeştlilər elə ilk cəhddən geri qayıdıblar. Sonuncu dəfə aşağı liqada oynadığı vaxt kubokun finalınadək irəliləməsi paytaxt klubuna UEFA Avropa Liqasına qatılmaq hüququ da verib. Ötən mövsüm kubokda mübarizəni 1/4 finalda dayandıran MTK UEFA Avropa Liqasına vəsiqəni çempionatın 4-cüsü kimi qazanıb. Onları bürünc medaldan cəmi 2 xal ayırıb.
“Qəbələ” və MTK arasında ilk oyun iyulun 14-də Macarıstanda, cavab oyunu ayın 21-də Bakıda keçiriləcək.
Qeyd edək ki, Topaz Premyer Liqasının bürünc mükafatçısı Gürcüstanın “Samtredia” klubunu iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırdığı halda (5:1, 1:2), Budapeşti təmsil MTK Qazaxıstanın “Aktobe” klubu ilə matçlardan sonra mərhələ adlayıb. Ötən həftə səfərdə keçirdiyi ilk qarşılaşmada 1:1 hesablı heç-heçəyə nail olan macarıstanlılar ev oyununda 2 cavabsız qolla qalib gəliblər.
saytlarin hazirlanmasi