Roman Qriqorçuk: "Bu addımı atmağa məcbur olduq" MÜSAHİBƏ

22:39 - 12 Avqust 2016

Azərbaycan Premyer Liqasının II turunda "Qəbələ” Mərdəkanda yerləşən "Dalğa Arena”da Bakının "İnter” klubunu qəbul edib. Qarşılaşma 0-0 hesablı bərabərliklə başa çatıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında  "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib: "Qalib gəlməli olduğumuz bir oyunda xal itirdik. Bu, bir-iki futbolçudan asılı deyil".
 
- Oyunu "Maribor”un rəsmisi də izləyirdi. Komandanın bu gün xal itirməsi bununla bağlı deyil ki?
- Əlbəttə ki, yox.
 
- "Qəbələ” sanki bu gün çox ağır oynayırdı...
- Rəqib çox güclü idi. İlk turda son çempiona qalib gəldilər. Bu oyundan nəticə çıxararaq, gələn qarşılaşmalara hazırlaşmalıyıq.
 
- Avrokuboklarda belə bu dərəcədə hirsli görünmürsüz. Bu, heyətdə azərbaycanlı oyunçuların daha çox olmasıyla bağlı deyil ki?
- Yəqin avrokuboklarda mənim hərəkətlərimi yaxşı izləməmisiz (gülür).
 
- Avropa Liqasındakı stadion dəyişikliyilə bağlı nə deyə bilərsiz?
- Dəfələrlə demişəm ki, 8-ci km stadionu mənə çox yaxşı təsir bağışlayır. Orda gözəl atmosfer olur. Ancaq ot örtüyü ilə bağlı bu addımı atmağa məcbur olduq. Bunun oyunumuza mənfi təsir edəcəyini düşünmürəm.
 
- Svanadze nəticənin qanunauyğun olduğunu dedi...

- Rəqibin fikrini müzakirə etməyəcəm. Mənim şəxsi fikrim bundan ibarətdi ki, biz bu oyunda qalib gəlməli idik.
 
- Penaltini yerinə yetirən Kvekveskiri uzun müddət "İnter”də çıxış edib. Penaltini başqa futbolçu yerinə yetirə bilməzdimi? Nəzərə alaq ki, "İnter"in futbolçuları Nikanı çox yaxşı tanıyır...
- Bunu mən də düşünmüşdüm. Ancaq bizdə penalti vuran futbolçular arasında meydanda yalnız Nika var idi. Əgər digər oyunçular olsaydı, penaltini başqasına həvalə edərdim.

 

Xəbər xətti