UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Maribor” (Sloveniya) – “Qəbələ” qarşılaşmasından öncə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.
Sportal.az klubun rəsmi saytına istinadən, sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:
“Maribor”u tam təhlil etdikdən sonra Bakıdakı ilk qarşılaşmada gözlədiyimiz komanda gördük. Rəqib çox ciddi, təcrübəli, yaxşı təşkilatlanmış, sadə dillə desək, futbol oynamağı bacaran komandadır. Belə ehtimal edirəm ki, Sloveniya klubu öz meydanında daha güclü oynayacaq. Çünki onların güclü azarkeş dəstəyi olacaq. Bu, onlar üçün əlavə müsbət məqamdır. Bizim futbola yanaşmada, fəlsəfəmizdə müdafiə oyunu, öz qapısına qapanma yoxdur. Biz müdafiə olunmuruq. Sabah da buna sadiq qalacaq, hücum edəcəyik. Bilirik ki, rəqibin də ciddi hədəfləri var. Bu da o deməkdi ki, sabah meydanda maraqlı futbol izləniləcək. Son turda oynamamağımızı üstünlük saymıram. Çünki “Maribor”da demək olar ikinci heyətlə meydana çıxıb. Bəzi futbolçular isə 45 dəqiqə oynayıblar. Rəqib üçün bunu problem saymıram. Gördüyümüz hər işin, nümayiş etdirmək istədiyimiz futbolun nəticə verdiyinə əminəm. Sabahkı oyuna və hazırlığına yanaşmamızın düzgünlüyünə də inanıram. Bu üzdən də güclü qalib gəlsin. Meydanı görmədiyimdən onun durumu haqda heç nə deyə bilmərəm. Əgər ot örtüyü yaxşı deyilsə, hər iki komanda eyni durumda olacaq. Çünki “Maribor” kimi kombinasiyalı futbol oynayan komandaya da yaxşı meydan lazımdır. Oyun zamanı müşahidə olunacaq hava şəraiti də hər iki tərəf üçün eyni olacaq. Rəşad Sadiqovun oynayıb-oynamayacağını özü ilə müzakirə edib, qərar qəbul edəcəyik. Rəqibimizin cari mövsümdə çempionatda qalib gəlməməsinin sabahkı görüşə təsiri yoxdur. Bu matç hər iki klub üçün çox vacibdir. “Maribor”un futbolçuları da bu görüşə motivasiya olunub. Biz qrup mərhələsinə vəsiqə qazanmağa köklənmişik. Əgər hər iki Azərbaycan klubu bunu bacarsa, ölkə futbolu üçün əla olacaq”.
saytlarin hazirlanmasi