"Qəbələ" Ukraynaya gedir

18:15 - 29 Avqust 2016

"Qəbələ"nin Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründəki hazırlıq planı dəqiqləşib. 

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin “Maribor”la (Sloveniya) keçirilən cavab oyunundan sonra istirahətə buraxılan futbolçular ayın 31-də bir araya gələcək. 

 

“Qırmızı-qaralar” həmin gün təlim-məşq toplanışı üçün Ukraynaya yollanacaq. Odessa şəhərində hazırlıq keçəcək komanda sentyabrın 7-dək bu ölkədə qalacaq. Roman Qriqorçukun komandası toplanış müddətində “Çernoye More” otelində məskunlaşacaq. Hazırlıq prosesi çərçivəsində bir yoxlama oyununun keçirilməsi planlaşdırılıb. Sentyabrın 4-də baş tutacaq qarşılaşmadakı rəqibin adı hələ dəqiqləşməyib.
 

“Qəbələ” təlim-məşq toplanışını tam heyətlə keçirməyəcək. Milli komandaların düşərgəsində olan futbolçular – Sergey Zenyov Estoniya, Nika Kvekveskiri Gürcüstan, Teo Uiks Liberiya yığmasının düşərgəsində olduğu üçün hazırlıqlarda iştirak edə bilməyəcək. Azərbaycan millisinin heyətində olan Məhəmməd Mirzəbəyov, həmçinin U-21 yığmasının toplanışına qatılan Elvin Camalovla Sadiq Quliyev də Ukrayna səfərində iştirak etməyəcək. Xatırladaq ki, “qırmızı-qaralar” yığmaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk qarşılaşmasını sentyabrın 10-da keçirəcək. “Qəbələ” Azərbaycan Premyer Liqasının IV turunda səfərdə “Neftçi” ilə görüşəcək.

Xəbər xətti