"Qəbələ"nin baş məşqçisi: "Həm hücum, həm müdafiədə səhvlər buraxdıq"

23:22 - 21 Sentyabr 2016

UEFA Gənclər Liqasının “Çempionlar yolu”nun I mərhələsinin “Qəbələ” – “Dinamo” (Moskva, Rusiya) oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Hüseynqulu Quliyevin mətbuat konfransı keçirilib.

 

Sportal.az sizi mütəxəssisin fikirləri ilə tanış edir:

 

“Dinamo”nun fiziki baxımdan güclü oyunçulardan təşkil olunduğunu və atletik futbola üstünlük verdiyini bilirdik. Çalışdıq ki, bunun qarşısını alaq, standart vəziyyətlərdə, hava mübarizələrində güclü olan rəqibə belə imkanlar verməyək. Müəyyən dərəcədə bunu bacardıq. Lakin ümumilikdə qapımız önündə 3 qol epizodu yaradan rəqib 2 dəfə fərqləndi. Birini isə qapıçımız dəf etdi. Standart vəziyyətləri saymasaq, “Dinamo” oyun epizodlarında qol vəziyyəti yarada bilmədi.

 

Bu gün meydanda olanlar ən yaxşı futbolçularımız idi. Elvin Dəmirovun səhvləri oldu. Lakin hər oyunçu xətaya yol verir. Həm hücum, həm müdafiədə səhvlər buraxdıq. Futbolda müdafiəçilərin səhvləri daha çox diqqət çəkir. Başa düşürəm ki, bəzi epizodlarda sürətlə irəli çıxmaq əvəzinə oyunu öz üzərinə götürürdülər. Bizim onlara tapşırığımız belə olmamışdı. Ancaq futbolçular da meydanda öz işlərini görür. Ola bilər ki, oyunçu həmin anda elə qərar verdi.

 

Bu matç ajiotajlı oyun idi. Bütün Azərbaycan qarşılaşmanı gözləyir, izləyirdi. Futbolçularımız da bunu başa düşürdü. Razıyam ki, futbolçular bəzi epizodlarda qərar verməkdə gecikirdilər. Gələcəkdə çalışıb, bunu aradan qaldıracağıq”.

Xəbər xətti