Cavid Hüseynov "Qəbələ"yə qayıdır?

19:25 - 12 Oktyabr 2016

Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi keçirlib. Hüseynovun apellyasiya şikayəti təmin edilib və o, azadlığa buraxılıb. Bununla bağlı, Cavidin sabiq komandası "Qəbələ" rəhbərliyinin fikrini öyrənməyə çalışdıq.

 

Sportal.az xəbər verir ki, klubun baş meneceri Zaur Əzizov açıqlamasında bunları dedi:

 

"Hazırda bütün diqqətimizi qarşıdakı "İnter"lə oyuna yönəltmişik. Yəqin ki, bu oyundan sonra rəhbərlik Cavid Hüseynov məsələsini müzakirə edəcək". (publika.az)

 

Rasim Əliyevin 2015-ci il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xəbər xətti