"Mən çox şadam ki, Cavid Hüseynov azadlığa buraxıldı və yenidən bizimlədir. O, yaxın vaxtda komandamızda olacaq".
Sportal.az sportnet.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk komandanın kapitanı Cavid Hüseynovun həbsdən azad olunmasına münasibət bildirərkən deyib.
Ukraynalı mütəxəssis bu xəbəri böyük sevinclə qarşıladığını söyləyib:
"Mən əminəm ki, Cavid böyük futbola qayıdacaq və o, həm kluba, həm də milliyə hələ uzun müddət kömək edəcək. Bu planda hamımız ona bacardığımız qədər kömək edəcəyik. Hüseynov elə bir emosional vəziyyətdə olacaq ki, bu, ona maksimal cəhətdən tezliklə sıraya dönməyə yardımçı olacaq. Mən nədənsə, belə fikirləşirəm".
Qriqorçukun sözlərinə görə, 28 yaşlı futbolçunun böyük fasilədən sonra əvvəlki formasını bərpa etməsi üçün nəyə diqqət yetirməli olduğunu deməkdən ötrü bir müddət gözləmək lazımdır:
"Mən bunu indi yox, biz Cavidinin vəziyyətini görəndən sonra deyə bilərəm. Biz hər şeyi nəzərdən keçirəcəyik və başa düşməliyik ki, Hüseynov indi hansı vəziyyətdədir. Onun hazırkı vəziyyətini təsəvvür etmək mənə çətindir. Sadəcə, onu bilirəm ki, Cavid güclü insan, güclü idmançıdır. Düşünürəm ki, o, yaşıl meydanlara tezliklə dönə bilər".
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən Cavid Hüseynov barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi bu gün davam etdirilib. Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunub və futbolçunun cəzası 1 il 2 aya endirilib. Həmin müddət bitdiyindən, "Qəbələ"nin sabiq kapitanı məhkəmə zalından azadlığa buraxılıb.