Millət vəkili: "Qəbələ" ruhdan düşməməlidir"

16:50 - 4 Noyabr 2016

Millət vəkili Aqil Abbas “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində Bakıda “Sent-Etyen”ə uduzduğu oyun (1:2) haqda fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, o, Qol.az-a açıqlamasında komandanın bəzi çatışmazlıqlarından danışıb: “Qəbələ” dünən çox gözəl oynadı. Yalnız istək çatmırdı. Bu, komandanın zəif cəhətlərindən biridir. Ümumiyyətlə, bizim futbolçular Avroliqada iki cəhətdən zəifdir. Birincisi odur ki, bicliyi bilmirlər. Oyunu gecikdirmək, cərimə zərbəsini vuran futbolçunun qabağına keçmək və bu kimi şeylərdən istifadə etmirlər.  Onu da deyim ki, “Qəbələ”ninki şanssızlıqdır, bəxti gətirməməkdir. Əslində rəqib ilk qolu sırf təsadüfdən vurdu. Sadəcə olaraq bir bəxtsizilik oldu.

 

Futbolçularımızın ikinci zəif cəhəti odur ki, qol buraxan kimi təntiyirlər. Bu, bütün komandalarımıza aiddir. Qol buraxandan sonra tələsməyə başlayırlar, ötürmələrdə səhv edirlər. “Qəbələ” də ikinci qolu təntiməyin və tələsməyin nəticəsində buraxdı. 

 

Hesabda geri olanda ruhdan düşürük, tez əsəbiləşirik. Axı bu futboldur. “Barselona” kimi ulduz futbolçulardan təşkil olunmuş komanda “Mançester Siti”yə 1:3 hesabı ilə uduzdu. Uduzan kimi ruhdan düşmək lazım deyil. “Qəbələ”də hər şey yerindədir. Bircə motivasiya çatmır.

 

Bir misal çəkmək istəyirəm. Bir dəfə Kiyev “Dinamo”su hesabda geri olanda komanda çox əsəbləşmişdi. Oyunları tamam pozulmuşdu. Top Bloxinə gələndə o, topu qoydu  ayağının altına və əli ilə futbolçulara jest elədi ki, nə olub? Özünüzü toparlayın. Bundan sonra “Dinamo” 3 qol vurdu. Bizdə bəzən belə şeylər çatışmır.

 

Şahmatın çox gözəl bir xüsusiyyəti var. İki güclü şahmatçı oynayır və təbii ki, biri uduzur. Ancaq uduzan fikirləşir ki, güclü bir şahmatçıya uduzdum. Yəni oyunun gözəlliyindən uduzan da ləzzət alır. 
Amma qeyd etməliyəm ki, komandamız çox gözəl futbol oynadı. Roman Qriqorçuk elə bir komanda yaradıb ki, gələn il onlar sözlərini deyəcəklər. “Qəbələ” ruhdan düşməməlidir”.

Xəbər xətti