2006-10-cu illərdə “Simurq”un baş məşqçisi olmuş Roman Pokora Ukraynanın ua-football.com portalına müsahibə verib.
Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis Azərbaycana gəlişi və Zaqataladakı fəaliyyəti ilə bağlı müəyyən məqamlara toxunub. Həmin müsahibəni müəyyən ixtisarlarla sizə təqdim edirik:
- Düzünü demək lazımdısa, mən “Aleksandriya”dan, demək olar ki, qaçdım. Azərbaycana məni çoxdan çağırırdılar. Ancaq Lavrenko ilə anlaşma əldə etmək mümkün olmurdu. Nəhayət, Kiyevdən bilet aldım və Bakıya yola düşdüm. Hətta komandanın birinci liqaya çıxması münasibətilə mükafatlandırılma mərasimində də iştirak etmədim. Səhər 11-də uçdum, saat 2-də “Simurq”un direktoru ilə görüşdük, axşam 6-da isə artıq klubla əməkdaşlıq haqda müqaviləyə imza atdım. “Aleksandriya” ilə müqaviləmin davam etməsi kiçik maneə idi ki, bunun üçün Lavrenko ilə əlaqə saxladım. “Bəs sənin müqavilən necə olsun?”, – deyə soruşdu. Mən isə “Nikolayeviç, burda heç bir cinayət yoxdu, komandanı əvvəlcə əsas, daha sonra isə birinci liqaya çıxardım, bunun üçün isə heç bir xüsusi tələbim olmadı” cavabını verdim. Halbuki yaxşı yadımdadı, “Poliqraftexnika”nı əsas liqaya yüksəldəndən sonra klubun direktoru Lavrenkoya demişdi ki, qiyməti təxminən 5 min dollar olan bir BMV var, gəlin onu Pokoraya hədiyyə edək, o isə razılaşmamışdı. Həmin vaxt “heç olmasa, hazırda yaşadığı bir otaqlı evi ona verək” söyləsə də, klub prezidenti “xeyr” deyərək, razılaşmamışdı. Nikolay Nikolayeviç yaxşı adamdı, ancaq bəzən daha ədalətli olmaq da mümkündü. Bütün arqumentləri bitəndə isə mənə “səni 3 ay sonra Azərbaycandan qovacaqlar” söylədi. Aradan iki il keçəndən sonra 60 illik yubileyimi təbrik etmək üçün Azərbaycan nömrəmə zəng edən Lavrenko “Mixalıç, siz yaxşı ki, o vaxt düzgün qərar qəbul edərək getdiz” demişdi.
- Deyəsən, Lavrenkodan çox danışdıq. Gəlin, məşqçilik bioqrafiyanızın Azərbaycan səhifəsi haqda söhbət edək...
- Bəribaşdan deyim ki, orda uzun müddət qalmaq çox çətindi. Qriqorçuk üçün şadam. “Qəbələ”də yerini möhkəmlətməyi bacarıb. Düzdü, bir ara yerli mətbuatla arasında çox ciddi anlaşmazlıq yaranmışdı. Mən buna görə narahat idim. Öz təcrübəmə əsasən deyim ki, belə şeylərə, ümumiyyətlə, getməmək lazımdı. Orda keçirdiyim dörd ilyarımda, demək olar ki, onlardan biri olmuşdum. Özümə çoxlu dostlar qazanmışdım. Zaqatala balaca, 25 min əhalisi olan şəhərdi. Ölkənin şimalında yerləşir və 20-yə yaxın millətin nümayəndəsi yaşayır. Aralarında ukraynalılar da var. Bizim diasporumuz da fəaliyyət göstərir. Şəhərdə Taras Şevçenkonun abidəsi ucaldılıb. Aydındı ki, 2005-ci ildə yaradılmış “Simurq”un çıxışı ölkədə ciddi ajiotaja səbəb olmuşdu. Klub rəhbəri Zaur Məmmədov 4 min nəfərlik, süni örtüklü xudmani stadion da inşa etdirmişdi. Bizim matçlarımızda tribunalar, adətən, dolu olurdu. 2009-cu ildə biz bürünc medalları qazanıb avrokuboklara yollananda, bu, şəhərdə əsl bayram kimi qarşılanmışdı. Yeri gəlmişkən, Zaur Məmmədov Dağlıq Qarabağda gedən müharibədə böyük faciə ilə üzləşmişdi. Bir gün o, evdə olmayanda mənzilə atılmış qumbara nəticəsində 20 yaşlı hamilə həyat yoldaşı vəfat edib. Çox şübhəli ölüm idi. Məmmədov 6 ay müddətinə istintaq altında oldu. Daha sonra isə o, ikinci dəfə Azərbaycanın tanınımış müğənnisi Zülfiyyə Xanbabayeva ilə ailə həyatı qurdu. Bir sözlə, Zaqatalada işləməkdən çox məmnun oldum. Bizim yaxınımızda hovuzu, güləş zalları olan Olimpiya Kompleksi var idi. Ümumiyyətlə, problemimiz yox idi. Azərbaycanlılar isə çox yaxşı insanlardı.
- Dinlərarası fərqliliklər sizə mane olmadı?
- İslam yaşlı insanlara, valideynlərə və adət-ənənlərə hörmət etməyi aşılayan, çox mütərəqqi bir dindi. Bəzən bizim üçün normal olan şeyləri orda futbolçular özlərinə rəva görmürlər. Oyun haqda taktika verirsən, baxırsan ki, hamı səni dinləyir. Orda məşqçi paltardəyişmə otağına girəndə, bütün futbolçular ayağa qalxırlar. Rəhbərliklə bir yerdə oturmaq onlarda yaxşı qarşılanmır. Özümlə apardığım futbolçular da bu qaydalara alışmışdılar. Azərbaycanda insanlar çox ciddidilər. Qriqorçuk mətbuatla mübahisə edəndə, bu səbəbdən narahat olmuşdum. Hətta başıma bir əhvalat gəlib. Bir dəfə klub rəhbəri ilə şəhərkənarı bir restorana getmişdik. Hərəyə 50 qram içdiyimizi gizlətməyəcəm. Zaur Məmmədov belə məclisləri sevirdi, mən isə arada bir ona yoldaşlıq edirdim. Ancaq bir neçə gün sonra qəzetlər yazdılar ki, Pokora hər gün araq içir. Adi həyat epizodundan sensasiya yaratmışdılar. Klub rəhbərinin şəxsi əlaqələri sayəsində biz qəzet rəhbərliyi ilə əlaqə saxlayıb məsələni izah etməsəydik, ciddi bir ittihamla üz-üzə qalacaqdıq.
- Zaqataladakı digər ukraynalılar özlərini rahat hiss edə bilirdilər?
- Əlbəttə. Əvvəlcə mən Mixail Starostyak və Slavik Nikvinskonu dəvət etmişdim. Daha sonra isə seleksiyaçılar Vladimir Mazyarı məsləhət gördülər. Əvvəlcə qəbul etmədim. Çünki Volodya çox çətin xarakterli adam idi və üstəlik, yarım il heç yerdə oynamamışdı. Növbəti mövsüm isə Taras Çopik, daha sonra iki lvovlu - Oleq Timçişin və Nikolay Lapko, ardınca isə “Dnepr”dən Saşa Poklonsko və Nikolay Zbaraxı çağırdım. Çox səliqəli və məsuliyyətli insan olan qapıçı Andrey Nikitin və sonradan əclaf olduğu məlum olan Aleksandr Malıgini də komandaya gətirdim. Sözümün üstündə dururam, adam necə hər oynadığı qarşılaşmada meydanda qovula bilər? Sürəti yoxdu, ucaboydu, ancaq başla oynaya bilmir, bir sözlə, alçağın biri idi.
- 2008/09 mövsümündə “Simurq”un ölkə birinciliyində 3-cü olması ən yüksək zirvə idi?
- İkincilik uğrunda Bakı “İnter”i ilə axıra kimi mübarizə apardıq. Ancaq biz onsuz da hədəflədiyimiz nəticəni əldə etmişdik. Hələ üstəlik, avrokuboklarda da debüt etdik. Avropa Liqasının ilk təsnifat mərhələsində İsrail “Bney Yehuda”sına məğlub olduq. Bəlkə də mövsümlərarası fasilədə komplektləşdirmə işi aparsaydıq, daha fərqli nəticə ola bilərdi. İlk matçımızı Zaqatalada yox, Bakıda keçirdik. Bəhanə isə ənənəvi idi – stadionumuz UEFA standartlarına cavab vermirdi. Təbii ki, azarkeşlərimiz Bakıya da gəlmişdilər. Onların sayı təxminən 200-300 nəfər idi. Təbii ki, əzəmətli Tofiq Bəhramov ilə bizim “qəfəs”in arasında ab-hava baxımından çox fərq var idi. Təl-Əvivə cavab qarşılaşmasına gedəndə özümüzü sanki Odessada hiss edirdik. Demək olar ki, hamı rus dilində danışırdı. 4 gün orda qaldıq, demək olar ki, hər gün danışmağa kimisə tapırdım.
- Bəs niyə 2010-cu ilin yayında Zaqataladan ayrıldız?
- Əsas məsələ, Zaur Məmmədov komandadan getdi. O getdi, mənim də düşərgədən ayrılmaq vaxtım çatdı. Şəxsi fikrimcə, Məmmədovdan sonra “Simurq” tam süqut etdi. Bir neçə il sonra isə tam fəaliyyətini dayandırdı.
- Ancaq siz də Ukraynaya döndükdən sonra məşqçiliklə ciddi məşğul olmadız.
- Yenidən bizim reallığa alışa bilmədim. Daha dəqiq desəm, çətinlik çəkirdim. Azərbaycanda olduğum 4 ilyarımda öyrəşmişdim ki, komandanın normal fəaliyyətinə mane olan bütün problemlər vaxtında və dəqiq həll olunsun. Orda bütün çatışmazlıqlar bir gözqırpımında, artıq söz-söhbət olmadan aradan qaldırlırdı. Bizdə isə bir problemi həll edincə, ortaya başqası çıxır. Və bu daim belə davam edir. Geri dönəndən sonra bir müddət “Energetik” və “Helios”da işləsəm də, hər yerdə eyni halla üzləşdim. Bütün bunlara dözməyə, göz yummağa isə artıq səbrim çatmırdı. ("Futbol plus")