Roman Qriqorçuk: "Cavid Hüseynov meydana çıxmalı deyildi" MÜSAHİBƏ

13:32 - 5 Sentyabr 2017

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Futbol11.az saytına müsahibə verib.

 

Sportal.az ukraynalı mütəxəssisin müsahibəsini təqdim edir:

 

- Komandanız yoxlama oyununda “Sumqayıt”a 1:3 hesabı ilə uduzdu. Nəticə sizin üçün gözlənilməz olmadı?

- Nəticə haqda az düşünürəm. Çünki bu oyunu nəticə qazanmaq yox, çatışmazlıqlarını görmək üçün keçirdik. Amma razıyam ki, idmanda hər zaman yaxşı nəticə qazanmaq istəyirsən. Hazırkı məqamda daha vacib məqamlar var. Bu, ilk növbədə oyunçular haqda məlumat almaqdı. Çünki açıq deyim ki, yeni gələnlərin 100 faiz gücünü öyrənə bilməmişəm. Bunu da məhz bu cür oyunlarda aradan qaldırmaq mümkündür. Bir sözlə, yoxlama oyunu indiki məqamda bizə çox faydalıdır.

 

- Nəticəni kənara qoysaq, oyun sizi qane etdi? Yaxud çatışmazlıqlar nə dərəcədə çoxdu?

- Çatışmazlıqlar təbii ki, çoxdur. Bu qarşılaşma heyəti müəyyənləşdirmək, futbolçuların meydandakı bacarıqlarını görmək baxımından önəmli idi. Meydanda heç vaxt görmədiklərimizi, yaxud çox nadir hallarda gördüklərimizi görürdüm. Üstəlik, bəzi oyunçuları fərqli mövqelərdə sınayırdıq. Çempionatda bu cür hallar xeyrimizə olacaq. Hələ meydana çıxmamışdan qabaq bilirdim ki, komandam bu gün ideal futbol sərgiləməyəcək. Lakin əsas odur ki, oyundan kifayət qədər məlumat əldə etdik. Həm müsbət, həm də mənfi tərəfdən.

 

- Növbəti çempionat oyunlarında ilk 3 turla müqayisədə heyətdə dəyişiklik görə bilərikmi?

- Bu, mümkündür. Niyə də yox? Hər zaman oyundan öncə futbolçuların son durumunu nəzərə alarıq. Yekunda bu məqam heyətin formalaşmasına ciddi təsir göstərir. Eləcə də millinin düşərgəsində bir neçə futbolçumuz olub. Növbəti matçda heyəti müəyyənləşdirərkən bunu da nəzərə alacağıq.

 

- Millinin oyunundan söz düşmüşkən, Cavid Hüseynovun Osloda meydana çıxması sizin üçün sürpriz olmadı? Çünki səhhətindəki problemə görə siz son 2 oyunda onu meydana buraxmamışdız...

- Sürpriz deməzdim. Amma təəccübləndim. Mən bildiyim qədəri ilə o, oynamamalı idi. Çünki son günlər müalicə alırdı. Həkim deyiləm, tam dəqiqliyi ilə bir söz deyə bilmərəm. Lakin hesab edirəm ki, Cavid meydana çıxmalı deyildi. Bununla belə, millinin həkimləri, məşqçiləri var, görünür onlar Cavidlə birgə müzakirə aparıblar. Onlar daha yaxşı bilirlər son durumu. Amma bir daha deyirəm ki, mənim fikrimcə Cavid meydana çıxmamalı idi.  

 

- Növbəti turda “Zirə” ilə qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiz? Ümumiyyətlə, aydın məsələdir ki, rəqibin oyununu təhlil etmisiz və bu komandanın əvvəlki illərdəki “Zirə”dən daha güclü olduğunu söyləyə bilərikmi?

- İndiki “Zirə”ni əvvəlki illərdəki komanda ilə müqayisə etməyəcəm. Çünki “Zirə” ötən il də, ondan qabaqkı mövsümdə də güclü idi. Möhkəm rəqibdirlər və bu komandaya qarşı oynamaq hər zaman çətin olur. Bu mövsümdə də heç nə dəyişməyib. “Zirə”ni məğlub etmək üçün mütləq tam gücümüzlə oynamalıyıq. Yalnız bütün komponentlərdə rəqibdən üstün olmaqla müsbət nəticə qazanmağımız mümkündür.

 

- Son olaraq, yeni transfer, U-21 millimizin üzvü Alen Askerovla bağlı fikirlərini öyrənmək istərdik. 

- O, Azərbaycan pasportuna malikdir. Eləcə də yaşı çempionatdakı limitə uyğun gəlir. Bu da bizim üçün müsbət məqamdı. Hazırda bizimlə xeyli sayda gənc oyunçu məşq edir. Artıq 1998, 1999-cu il təvəllüdlü oyunçulardan da seçilənləri əsas komandanın hazırlığına cəlb etmişik. Onlar yalnız oyunlar zamanı əvəzedici komandaya qoşulurlar. Bizim qarşılaşmalar zamanı isə yaş limiti ilə bağll həmin gün ən yaxşı formada olan 1 futbolçunu meydana buraxırıq.

Xəbər xətti