Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Qəbələ” – “Zirə matçından sonra meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib.
Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis yetirmələrindən narazılığını gizlətmədi.
- İlk dəqiqələrdən top itkilərinə yol verməyə başladıq. Bu da ümumilikdəİlk 45 dəqiqədəki oyunumuza mənfi təsir göstərdi. Nəzərə alsaq ki, “Zirə” əks-hücumlarda “suda balıq” kimidi, bu, işimizi xeyli çətinləşdirdi.
- Cinah hücumlarınız uğursuz alınırdı. Bu, yetirmələrinizin tapşırıqlarınızı yerinə yetirə bilməməsindən irəli gəlirdi, yoxsa qonaqların yaxşı müdafiə olunmasından?
- “Zirə” həm say, həm də ustalıq baxımından ağıllı müdafiə olunurdu. Bu başqa məsələ ki, cinah ötürmələrimiz istədiyimiz səviyyədə olmurdu. Olanda da forvardlarımız uğurlu mövqe seçə bilmirdilər.
- Mətbuatda Endi Hollideyin komandadan gedəcəyi haqda məlumatlar yayılıb. Ancaq Endi hələ ki, komandanızdadı və hələ də Premyer Liqada debüt etməyib...
- Bu sualı meydana çıxmayan istənilən futbolçuyla bağlı vermək olar. Üstəlik nəzərə alın ki, iki məcburi əvəzetməyə əl atdıq.
- Sıx müdafiəyə qarşı əsas silahlardan biri orta və uzaq məsafədən zərbələrdi. Ancaq yetirmələrinizin ifasında bunu görmədik...
- Tamamilə razıyam. Xüsusilə, ilk yarıda bu cür fürsətlərimiz oldu və futbolçular fərqli qərarlar verdi. Fasilədə uşaqlara bu mövzuda iradlarımı bildirdim. Bir daha təkrar edirəm ki, bu komponentdən istifadə etməli olduğumuz halda, bunu etmədik.
- Nika Kvekveskirinin yoxluğu tək bu gün yox, mövsümün startından bəri hiss olunur. Onu saxlamaq mümkünsüz idi?
- Xeyli vaxt ötüb. İndi nə edə bilərik? Bir onu deyə bilərəm ki, rəhbərliyim altında oynamış bütün futbolçuları çox istəyirəm və hər birinə uğurlar arzulayıram. (Sport24.az)