Səfərdə 200-cü qol, Dabo 7-ci, Bezotosnı 4-cü oldu

00:57 - 21 Noyabr 2017

Topaz Premyer Liqasının 12-ci turunun “Neftçi” ilə oyununda “Qəbələ”nin ilk qolunun müəllifi olan Baqali Dabo bu komandanın heyətində 17-ci qolunu vurub. 

 

Sportal.az xəbər verir ki, o, “qırmızı-qara” formada keçirdiyi 43-cü matçda buna nail olub. Hücumçu orta hesabla hər matçda 0,40 qola imza atıb.

 

Dabo bu qolla “Qəbələ”nin tarixində ən çox fərqlənən futbolçuların siyahısında Filip Ozobiç və Yannik Kamanana çatıb. Hərəyə 17 top vuran bu oyunçular bombardirlərin siyahısında 7-9-cu yerləri bölüşürlər. Lakin Baqali digərlərindən daha az oyunda bu qədər qol vurub. Filip 53, Yannik 68 matç keçirib.

 

“Neftçi” ilə oyunda vurulan sonuncu qol da “Qəbələ” üçün əlamətdar olub. Komandaya 3:2 hesablı qələbə qazandıran top “qırmızı-qaralar”ın Premyer Liqada səfərdə vurduğu 200-cü qol olub. 2006-cı ildən yüksək liqada mübarizə aparan “Qəbələ” 200-cü qolunu 174-cü matçda vurub. Səfər oyunlarındakı orta məhsuldarlıq 1,15-ə bərabərdi. Rəqib meydanlarında vurulan 200-cü qolun müəllifi isə Stiven Monroz olub.

 

Bu görüşdən sonra Dmitri Bezotosnı “Qəbələ”nin heyətində ən çox oyun keçirən futbolçular siyahısında 4-cü pilləyə yüksəlib. “Neftçi” ilə görüş ukraynalı qapıçının “qırmızı-qara” formada 123-cü matçı olub. Bununla da Dmitri 122 matç keçirən Samir Zərgərovu arxada qoyub. Yalnız üç oyunçudan – Ürfan Abbasov (169), Dodo (161) və Viktor Mendidən (127) geri qalan qolkiper mövsümün sonunadək daha bir pillə irəliləmək imkanına malikdi.

Xəbər xətti