Bu həftə Azərbaycan kubokunda 2017/2018 mövsümünün 1/8 final mərhələsinin oyunları keçiriləcək. Topaz Premyer Liqasında çıxış edən klublar bu raunddan mübarizəyə başlayacaq. “Qəbələ” 1/4 finala vəsiqə uğrunda matçda I divizion təmsilçisi “Mil-Muğan”la görüşəcək. İmişli klubu ilə görüş noyabrın 29-da baş tutacaq.
Sportal.az xəbər verir ki, bu, iki komanda arasında 3-cü duel olacaq. Əvvəllər də Azərbaycan kubokunun 1/8 finalında üz-üzə gələn “Qəbələ” və “Mil-Muğan” həm 2013, həm də 2015-ci ildə qarşılaşıb. Hər iki matç Qəbələ şəhər stadionunda keçirilsə də, razılaşmaya əsasən 4 il öncəki oyunun meydan sahibi İmişli klubu sayılıb. Hər iki görüşdə “qırmızı-qaralar” qalib gəlib. Hazırda da “Qəbələ”də çıxış edən Asif Məmmədov həmin qarşılaşmalarda qol vuran oyunçulardan biridir.
2013/14 mövsümü, 1/8 final
04.12.2013. “Mil-Muğan” (İmişli) – “Qəbələ” – 1:2
Elnur Məmmədov, 1 // Leonardo da Silva, 15 (p.); Abdulvahid Afolabi, 18
2015/16 mövsümü, 1/8 final
03.12.2015. “Qəbələ” - “Mil-Muğan” (İmişli) – 7:0
Derlis Meza Kolli, 6; Ruslan Abışov, 16; Fakundo Pereyra, 22; Rikardinyo, 42; Ermin Zets, 44; Vaqif Cavadov, 58; Asif Məmmədov, 83
Ümumilikdə isə Azərbaycan kubokunda 2005/2006 mövsümündə debüt edən “Qəbələ” 13-cü dəfə bu yarışda mübarizəyə başlayacaq. Əvvəlki 12 mövsümdən ikisində finala (2013/2014, 2017/18), üçündə yarımfinaladək (2007/2008, 2008/2009, 2015/16) irəliləyən “qırmızı-qaralar” 4 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015) mübarizəni dayandırıb. “Qəbələ” yalnız 3 dəfə 1/8 final səddini adlaya bilməyib. Bu, 2005/2006, 2006/2007 və 2009/2010 mövsümlərində yaşanıb.
Ölkə kubokunda indiyədək 53 oyun keçirən “Qəbələ” 26 dəfə qalib gəlib, 17 dəfə heç-heçə edib və 10 dəfə uduzub. Turnirdə 84 qol vuran komandamız 45 top buraxıb.
"Qırmızı-qaralar" kubokda 29-cu ev matçına çıxacaq. Öz meydanında keçirdiyi əvvəlki 28 oyunda 16 qələbəsi olan “qırmızı-qaralar” 9 heç-heçə edib və 3 dəfə məğlub olub. Qonaqların qapısından 54 top keçirən “Qəbələ” 18 qol buraxıb.
Bu 53 qarşılaşmada “Qəbələ”nin heyətində 172 futbolçu meydana çıxıb. Komandamızın rekordçusu Ürfan Abbasovla Samir Zərgərovdur. Onların hesabında 18 oyun var. Dodo 15, Viktor Mendi və Azər Həşimov hərəyə 13 kubok matçında forma geyiniblər.
Kubokda vurulan 84 qola 48 futbolçu və avtoqol müəllifi olan 1 rəqib oyunçu imza atıb. “Qəbələ”nin heyətində ən çox qol sevinci yaşayan Kənan Kərimovdur – 7 qol. Vüsal Qarayev 5, Aleksey Qay, Viktor Mendi, Daniel Subotiç və İbrahim Hüseynov hərəyə 4 dəfə fərqləniblər.
Azərbaycan kuboku
1/8 final, 29 noyabr (çərşənbə)
14:00. “Qəbələ” – “Mil-Muğan”
Qəbələ şəhər stadionu