Topaz Premyer Liqasının XIV turunun “Keşlə” ilə ev qarşılaşması “Qəbələ”nin tarixində Azərbaycan çempionatının yüksək dəstəsində keçirilən 350-ci oyun olub.
Sportal.az xəbər verir ki, Premyer Liqada 2006-cı ildə debüt edən “qırmızı-qaralar” 3:0 hesablı qələbəyədək 349 matça çıxmışdı.
Yubiley oyunundakı qələbə sayca 148-ci olub. 88 heç-heçə və 114 məğlubiyyəti olan komanda burada 434 qol vurub, 364-nü buraxıb.
“Keşlə” ilə qarşılaşmada əldə olunan böyükhesablı qələbə klub tarixində 47-ci belə nəticədir. Premyer Liqada “Kəpəz” 6:1, ardınca kubokda “Mil-Muğan”ı 8:0 hesabı ilə məğlub edən “Qəbələ” 11 il əvvəlki rekordunu təkrarlayıb. “Qırmızı-qaralar” 2006-cı ildə I dəstədə ardıcıl 3 qələbə qazanmışdı. 47 böyükhesablı qələbədən 26-sı Premyer Liqaya təsadüf edib. “Qəbələ” tarixində 5-ci dəfə yüksək dəstədə ardıcıl 2 qarşılaşmada 3 və ya daha çox top fərqilə qalib gəlib.
“Qəbələ” “Keşlə” ilə oyunda 140-cı dəfə Roman Qriqorçukun rəhbərliyi altında meydana çıxıb. 2015-ci ilin əvvəlindən “qırmızı-qaralar”ın baş məşqçisi olan ukraynalı mütəxəssis Premyer Liqada 94, Avropa Liqasında 32, Azərbaycan kubokunda 14 qarşılaşmada komandaya rəhbərlik edib. Bununla da Qriqorçuk klub tarixinə baş məşqçi olaraq ən çox oyun keçirən mütəxəssis kimi düşüb. O, “qırmızı-qaralar”ı 139 matça çıxaran, hazırda “Keşlə”ni çalışdıran Ramiz Məmmədovun rekordunu arxada qoyub. Sonuncu 118 çempionat və 21 kubok matçında baş məşqçilik edib. “Qəbələ”nin tarixində yalnız bu iki məşqçi 100-dən artıq oyunda komandaya başçılıq edib.
Qriqorçuk kimi qarşılaşmada hesabı açan Baqali Dabo da klub tarixində yeni rekorda imza atıb. O, ardıcıl 4 çempionat oyununda qol sevinci yaşamaqla bunu rəsmiləşdirib. Daboyadək “qırmızı-qaralar”ın heç bir oyunçusu eyni turnirdə ardıcıl 4 matçda meydanı qolsuz tərk etməyib. 11 dəfə eyni oyunçunun 3 matçlıq seriyası qeydə alınsa da, onlardan heç biri 4-cü matçda qol vurmayıb. Baqali “Səbail”ə (3:1) iki, “Neftçi”yə (3:2) bir, “Kəpəz”ə (6:1) iki və “Keşlə”yə (3:0) 1 qol vurmaqla 4 matçda ümumilikdə 6 dəfə fərqlənib.
saytlarin hazirlanmasi