Bezotosnı: "Tədricən formamızı yığırıq"

01:17 - 30 Yanvar 2018

“Qəbələ” 2017/18 mövsümünün ikinci yarısına hazırlığı Türkiyədə davam etdirir.

 

Sportal.az xəbər verir ki, təlim-məşq toplanışının ikinci mərhələsini keçirən “qırmızı-qaralar”ın təcrübəli qapıçısı Dmitri Bezotosnı hazırlıq prosesi barədə fikirlərini klub saytına açıqlayıb:

 

“Təlim-məşq toplanışının böyük hissəsi arxada qalıb. Komanda yoldaşlarım da, mən də özümüzü yaxşı hiss edirik. Mövsümün ikinci yarısı yaxınlaşdıqca biz də tədricən formamızı yığırıq. Məşqlər zamanı müxtəlif sxemlərin üzərində də işləyirik. Yoxlama oyunlarında həm bunları, həm də məşqçilərin digər tapşırıqlarını yerinə yetirməyə çalışırıq”.

 

Ukraynalı qolkiper yoxlama oyunlarına da toxunub, onların faydasından danışıb: “Toplanış zamanı keçirilən yoxlama oyunlarında nəticəyə heç kim fikir vermir. Amma təbii ki, həmişə qalib gəlmək istəyirsən. Bu da daha çox özünəinam verir. Lakin toplanışlar onun üçündü ki, müəyyən oyun sxemlərinin, futbolçular və xətlərarası əlaqələrin üzərində işləyək. Məşqlərdə çalışdıqlarımızı yaxşı rəqiblərlə matçlarda sınayırıq. Bu əlaqələrin oyun zamanı necə təsir bağışladığını görmək önəmlidi”.

 

Bezotosnı fevralın 3-də başa çatacaq toplanışın sonuna kimi səylə çalışacaqlarını, komandanın mövsümün ikinci yarısına tam hazır olacağını bildirib: “Toplanışın sonuna 5 gün qalıb. Bizim ilk oyuna nə dərəcədə hazır olduğumuzu demək mənim üçün çətindi. Baş məşqçimiz yoxlama oyunları vasitəsilə bizim ilk görüşə tam hazır olmağımızı təmin etməyə çalışır. Biz futbolçular da öz üzərimizdə işləyirik. Mövsümün ikinci yarısının startına həm fiziki, həm psixoloji cəhətdən tam hazır olmaq üçün əlimizdən gələni edirik. Qarşıda hələ iki yoxlama matçımız var. Düşünürəm ki, üçüncü dövrəyə tam hazır olacağıq”.

Xəbər xətti