Roman Qriqorçuk: "Millinin oyununa baxmaqdan daha ciddi işlərim var" MÜSAHİBƏ

16:16 - 1 Fevral 2018

“Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk Antalyada jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Komandanızın Çexiyanın “Bohemians” klubu ilə yoldaşlıq görüşündə göstərdiyi oyun sizi razı saldımı? 
- İlk növbədə bu matçın olmasından razıyam. Çox yaxşı məşqimizin olması məni razı salır. Düzgün məşq etdik, futboçular və onların vəziyyyətləriylə bağlı çoxlu imformasiya əldə etdik. Bütün bunları nəzərə alsaq, bugünkü görüşü müsbət məqam kimi qəbul edirəm.

 

- Ancaq oyunboyu reaksiyalarınızdan görünürdü ki, narazısınız. Hətta aqressivliyiniz diqqət çəkirdi...

- Əlbəttə, elə anlar olurdu ki, narazı idim. Ancaq indi bu kimi şeylərə, fərdi xətalara ayrı-ayrılıqda fikir verə bilmərik. Oyunu qlobal, bütöv şəkildə təhlil etməliyik. Bu baxımdan hər şey qaydasındadır. Lakin aldığımız məlumat təkmilləşməyə, qısa zamanda müəyyən düzəlişlərə məcbur edir. Biz də bununla məşğul olacağıq. Qalan qısa müddətdə bəzi məqamları çatdıra biləcəyimiz qədər düzəldəcəyik.

 

- Artıq təlim-məşq toplanışının böyük hissəsi arxada qalıb, qış hazırlığı bitmək üzrədi. Toplanışa əsasən komadanı mövsümün həlledici mərhələsinə fiziki, psixoloji cəhətdən hazır sayırsınızmı? Onu da nəzərə alaq ki, fasilədən sonra ilk oyun lider, çempionluq uğrunda əsas rəqibiniz "Qarabağ"ladı...

- Onu deyə bilərəm ki, Antalya toplanışında çox yaxşı iş gördük. Mənfi saya biləcəyimiz çox az məqam var. Əlbəttə, bilirik ki, çempionatın startınadək qalan qısa müddətdə müəyyən şeyləri düzəltməliyik. Bunu nə dərəcədə çatdıra biləcəyik, zaman göstərəcək. Ümumilikdə hər şey yaxşıdı. Sakit şəkildə işləmək üçün hər cür atmosferi yaratmağa çalışıram. Komandanın emosinal, psixoloji vəziyyəti yaxşıdı və bu, məni sevindirir. "Qarabağ"la oyuna köklənə bilmərik və ya bu rəqibdən çəkinərik, bunlardan söhbət gedə bilməz. "Qarabağ" haqda indidən nəsə demək tezdi. Antalyada hələ bir yoxlama oyunumuz da var. Bundan sonra belə, "Qarabağ" haqda danışmaq mənasızdı. Çünki bu rəqibi yaxşı tanıyır, onunla matçın önəmini hamımız yaxşı bilirik. Psixoloji planda narahatçlığa əsas, bu haqda danışmağa səbəb görmürəm.
 
- İstədiyiniz yeni transferlə bağlı konkret variant varmı?
- Hələ ki yox. Bizə hücumda oynayan futbolçu lazımdı. Onun müəyyən xarakteristikası olmalıdı. Konkret hansılardı, bunu bilirik. Başa düşürük ki, istədiyimiz transferi reallaşdırmaq şansımız böyük deyil. Ancaq komandamıza cəlb etdiyimiz həmin səviyyəli futbolçu bizə çox lazımdı. Bizdə belə bir yeni fiqur çatmır. Onu da başa düşürük ki, planlaşdırdığımız transferi etməsək, əlbəttə, bu, bizim üçün mənfi olacaq. Məsələnin həllini fevralın 9-da qış "transfer pəncərəsi" bağlananadək çatdırmağa çalışacağıq. Həmin addımı ata bilməsək, hər şey əvvəlki kimi olacaq. 
 
- Oyunda buraxdığınız ilk qolda Qismət Alıyevin səhvi oldu və onu əvəzlədiniz. Meydana Hacıağa Hacıyevi buraxdınız və o, matçda yeganə qolunuzun müəllfi oldu. Bu iki futbolçunun 21 yaş limitinə uyğun gəldiyini nəzərə alsaq, Qismətin yerinə başqasını oynatmağı düşünürsünüz?
- Yox, niyə ki? Bir sıra futbolçularımızı 30 dəqiqə oynatmağı düşünürdük. Qismət də onlar sırasında idi. Həmin mövqedə - müdafiənin sağ cinahında digər futbolçuya baxmaq məqsədimiz idi. Hər şey planlaşdırılmışdı. 
 
- Millimizin Moldova yığmasıyla dünənki yoldaşlıq görüşünə baxdınızmı? Baxdınızsa, futbolçularınızın çıxışını necə dəyərləndirərdiniz?
- Yox, oyuna baxmamışam. Açığı, özümə imkan verə bilmərəm ki, Moldova yığmasıyla iki saat yoldaşlıq görüşünə baxım. Məşğul olmağa daha ciddi işlərim var. Bu səbəbdən millinin oyunu görməmişəm.

 

- Milli üzvləriniz düşərgəyə normal vəziyyətdə qayıdıblar?
- Bəli. Gördüyünüz kimi, kefləri yaxşıdı, gülürlər. Ruslan Qurbanovla Cavid Hüseynovu oynatmadım. Təmkin Xəlilzadəyə isə ikinci hissədə şans verdim. Normal vəziyyətdədirlər. (Qafqazinfo)

Xəbər xətti