“Çox pis hisslər keçiririk. Oyundan sonra futbolçulara da söylədim ki, özlərini ələ alsınlar”.
Sportal.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. “Qırmızı-qaralar” Topaz Premyer Liqasının XVIII turunda “Neftçi”ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib:
- Meydanda pis hadisələr baş verdi. Vərəqələr aldıq, Ruslan Qurbanovu itirdik. Düzdü, bunları bəhanə etmək istəmirik. Bu gün stadiona xeyli azarkeş gəlmişdi. Onların qarşısında özümü pis hiss edirəm.
- Vitali Vernidub ardıcıl iki oyundu ciddi səhvlər edir. Bunun səbəbi nədir?
- Ötən oyundan sonra onunla söhbətləşdik. Zarafata ona dedim ki, belə qollar vurmalı deyilsən. Bu gün onu meydana buraxmasaydıq, ötən oyundakı səhvini düşünə bilərdi. Bu gün də şans verdik, səhvindən qol buraxdıq. Əgər oynamasaydı, bilmirik necə olacaqdı.
- Komanda çempionatda inamlı təsir bağışlamır. Bunu çempionluğa olan şansınızı itirməyinizlə əlaqələndirmək olar?
- Bu fikri qəbul etmək istəmirəm. Oyuna çox yaxşı hazırlaşmışdıq, istəkli idik. Lakin alınmadı. Eyni zamanda, mümkün deyil ki, çempionata həvəssiz hazırlaşaq. Bu gün kubok barəsində yox, çempionat oyunlarını düşünürük.
- Keçən həftə autsayder “Səbail”ə, bu gün yaxşı günlərini keçirməyən “Neftçi”yə məğlub oldunuz. Bəlkə futbolçularınız aşağı pillələrdə qərarlaşan rəqiblərə qarşı arxayın hazırlaşır?
- Belə deməzdim. Çünki hər oyuna fərqli hazırlaşırıq. Keçən oyunda komandamız oynadı, amma məğlub oldu. Dediyim kimi, bu gün meydanda çox pis hadisələr baş verdi. Ümid edirəm ki, “Kəpəz”lə oyunda yaxşı nəticə gösətərəcəyik.
saytlarin hazirlanmasi