Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründə Bakıda hazırlıq keçən “Qəbələ” yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar” “Keşlə” ilə görüşdə qüvvəsini sınayıb. Görüş “Bakı” FK-nın təlim-məşq bazasında keçirilib.
Baş məşqçi Roman Qriqorçuk milli komandaların düşərgələrində olan futbolçuların iştirak etmədiyi matçda aşağıdakı start “11-liy”inə şans verib: Dmitri Bezotosnı, İlqar Qurbanov, Voislav Stankoviç, Vitali Vernidub, Təmkin Xəlilzadə, Dion Malone, Cavid Hüseynov, Filip Ozobiç, Stiven Monroz, Baqali Dabo, Famussa Kone.
Qarşılıqlı hücumlarla keçən ilk 45 dəqiqədə qapılara qol vurulmayıb. Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər edilib. “Qəbələ”də Elvin Camalov, Elvin Məmmədov, Rasim Ramaldanov və Yusif Nəbiyev meydana daxil olublar. İkinci hissədə də komandaların səylərinə baxmayaraq, hesab açılmayıb və qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Xatırladaq ki, “qırmızı-qaralar” hazırlıq çərçivəsində martın 21-də keçirilən yoxlama oyununda Region Liqasında çıxış edən “Tufan”a 15:0 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi