Topaz Premyer Liqasının 22-ci turunda səfərdə “Zirə” ilə heç-heçə edən (1:1) “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
- Oyunu analiz edib, baxacağıq. İndi isə yalnız qarşıdakı kubok oyununa köklənəcəyik.
- Hakim idarəçiliyinin oyunun nəticəsinə təsiri nə dərəcədə oldu?
- Xahiş edirəm, mənə bu barədə daha sual verməyin. Hörmətsizlik olaraq qəbul etməyin. Bu cür hakimlik barədə mənə sual verməyin.
- Bezotosnının zədəsi nə yerdədi. Onun zədələnməsi bu günkü planlarınıza təsir etmədi ki?
- İstənilən oyunçunun zədələnməsi xoşagələn hal deyil. Ancaq bu, hansısa planıma təsir etmədi. Aqil Məmmədov bu gün yaxşı təsir bağışladı. Dmitrinin zədəsi barədə hələ məlumatım yoxdu. Növbəti günlərdə onun durumuna tam aydınlıq gələcək.
- Hiss olunurdu ki, “Zirə”nin oyunçuları bu qarşılaşmaya çox ciddi hazırlaşıblar. Bəs “Qəbələ”nin futbolçuları nə işlə məşğul olublar?
- “Zirə” bizə qarşı həmişəki kimi mübarizə apardı. Bizə gəldikdə isə, hiss olunurdu ki, futbolçuların ağlında kubok oyunları var. Ancaq çalışırıq ki, həm çempionata, həm də kuboka eyni diqqəti göstərək.
- Cavid Hüseynov və Daboda yorğunluq görünürdü...
- Cavid ilboyu sabit oyun sərgiləyə bilməz. Zədə və bir neçə oyunluq cəzalanması onun oyununa, hazırlığına da təsir etdi. İstənilən halda, Cavid bizim üçün vacib oyunçudu.
- “Qəbələ”dən ayrılacağınız deyilir. Bu, oyunçuların motivasiyasına təsir etmir ki?
- Bizdə bəzən motivasiya, ehtiras çatışmır. Oyundan öncə də futbolçularımda istədiyim ehtirası görmədim. O ki qaldı, kiminsə komandadan ayrılmasının futbolçulara təsiri, buna inanmıram. Futbolçu meydanda öz oyununu sərgiləməlidi. Onlara tribunada sevdiyi insanlar baxır. Ən azından bunun üçün mübarizə aparmalıdı. Ancaq oyunda bəzi məqamlar da olur ki, bunlar da futbolçuların motivasiyasına təsir edir.