Roman Qriqorçuk: "İcarədə olan futbolçularımız bizə qarşı oynamamalıdı"

21:26 - 28 Aprel 2018

Topaz Premyer Liqasının 25-ci turunun “Qəbələ” – “Kəpəz” oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

 

Sportal.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

 

“Bu matçda hər şey normal alındı. Biz qalib gəldik. Bəlkə kiməsə elə göründü ki, hər şey asanlıqla oldu. Mən belə deməzdim. Ona görə qalib gəldik ki, biz çox düzgün oynadıq və qol imkanlarından istifadə yaxşı səviyyədə idi. Düzdü, matçın sonlarında elə imkanlar yaratdıq ki, onlardan da yararlana bilərdik. İki hissənin fərqli alınması motivasiya ilə bağlı deyil. Biz hər görüşdə qalib gəlib, xal qazanmaq istəyirik. Futbolçular da oyunlarda inkişaf etməli, təkmilləşməlidi. İkinci hissədə qol imkanlarından istifadə ilk yarıdakı ilə müqayisədə aşağı idi.

 

Qriqorçuk kubokun finalına da toxunub: "Mayın 28-də keçiriləcək Azərbaycan kubokunun finalının ertəsi gün milinin yoxlama matçı olması ilə bağlı heç kimlə müzakirə aparmamışıq. Final haqda düşünürük. Biz ən yaxşı hazır olan bütün futbolçuları meydana buraxacağıq. Aydın məsələdi ki, bizim üçün vacib olan finalda iştirak edənlər ertəsi gün yoxlama oyununda meydana çıxa bilməyəcək. Yoldaşlıq görüşündə digər futbolçuları sınamaq imkanı olacaq. Amma bunlar mənim ehtimallarımdı".

 

Təcrübəli çalışdırıcı "Qəbələ"nin icarəyə verilən futbolçuları haqda da maraqlı fikir səsləndirib: "Şəxsi mövqeyim belədi ki, icarədə olan futbolçularımız bizə qarşı oynamamalıdı. Bu fikrim rəqibin turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, belədi. Lakin hər hansı oyunçu barədə müəyyən razılaşma varsa, mən buna qarşı da deyiləm”.

Xəbər xətti