Roman Qriqorçuk: "Qarabağ"la qarşılaşmasının Bakıda keçirilməsinə etirazım yoxdur"

00:15 - 13 May 2018

Topaz Premyer Liqasının XXVII turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis qələbəni şərh edib:

 

“Az öncə futbolçularıma dediyimi təkrarlayacam. Onlara “afərin” deyirəm. Oyuna çox ciddi yanaşmışdılar. Futbolçular çox həvəsli, prinsipial idilər, qələbəyə can atır, irəli gedirdilər. Hətta hesab bizi qane edəndə də, hücumları dayandırmırdılar. Oyunçuların futbola yanaşması çox xoşuma gəldi. Əksər hallarda belə yanaşma nəticəsini qələbə şəklində verir ki, bu gün də belə oldu. Belə düzgün yanaşmaya çox şadam. “Qarabağ”la son turun oyununda ehtiyat futbolçulara şans verməkdən söhbət gedə bilməz. Meydana ən güclülər çıxacaq. “Qarabağ”la görüşə başqa cür yanaşmaq olmaz. Bu matça maksimal ciddi, qalib gəlmək, yaxşı oynamaq istəyi ilə çıxacağıq. Komanda daha da güclü olmalıdır. Qarşıda kubokun finalının olduğunu da nəzərə alsaq, bu, həm də yaxşı hazırlıq xarakteri daşıyacaq. Son turun “Qarabağ”la qarşılaşmasının Bakıda keçirilməsinə etirazım yoxdur. Bu gün rəqib haqda danışa bilmərəm. Bizim komanda bir çox epizodlarda ustalıq səviyyəsini nümayiş etdirdi, qollar vurdu. Bu olmasa, heç vaxt qol vura bilməzdik. Bu məqam da sevindiricidir. Filip Ozobiçin kiçik zədəsi var. Buna görə də onun oynaması, xüsusilə də süni örtükdə meydana çıxması məsləhət deyildi. Amma hazırlığını davam etdirir və növbəti oyunda iştirakı durumundan asılı olacaq”.

Xəbər xətti