Topaz Premyer Liqasının XXVII turunda “Sumqayıt”la qarşılaşan “Qəbələ” mövsümdə son səfər matçını keçirib. “Qırmızı-qaralar” rəqib meydanında 2:0 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, bu oyunda vurulan iki qolla "Qəbələ" özünün səfərdəki məhsuldarlıq rekordunu təkrarlayıb. Belə ki, “Qəbələ” cari mövsüm rəqib meydanında keçirdiyi 14 görüşdə 23 dəfə qapılara yol tapıb. Bu, 12-ci mövsümdür yüksək dəstədə çıxış edən “qırmızı-qaralar”ın ən yüksək göstəricisinin təkrarıdır. Komanda 2014/15 mövsümündə də rəqib meydanlarında rekord sayda - 23 qol vurmuşdu. Lakin həmin rekordun qeydə alındığı vaxt səfərdə 16 oyun keçirən “Qəbələ” bu dəfə daha az – 14 qarşılaşmada fərqlənib.
Sumqayıtdakı görüşdə hesabı açan Baqali Dabo isə “Qəbələ”nin tarixinə mütləq rekordla düşüb. O, çempionatın bir mövsümündə ən çox qol vuran futbolçu olub. Qol hesabını 13-ə çatdıran hücumçu 2013/14 mövsümündə rəqib qapılarına 12 dəfə yol tapan Daniel Subotiçin rekordunu arxada qoyub.
13 qolla hazırda Topaz Premyer Liqasının bombardiri olan Dabo Azərbaycan çempionatlarındakı qollarının sayını 20-yə çatdırıb. O, ötən mövsümdə 7 dəfə fərqlənmişdi. Cavid Hüseynov isə Premyer Liqada 14-cü dəfə “Qəbələ” azarkeşlərinə qol sevinci yaşadıb.
“Qəbələ”yə qələbə qazandıran qolların müəlliflərindən Baqali ümumilikdə 27-ci, Cavid isə 19-cu dəfə “qırmızı-qara” formada fərqlənib. Yalnız Viktor Mendi (33) və Dododan (30) geri qalan fransalı bombardirlər siyahısında 3-cüdür. İlk “üçlük”dən başqa, Filip Ozobiç (25) və Rövşən Əhmədovdan da (20) geri qalan 6-cı yerdə qərarlaşan Daniel Subotiçə çatıb.
“Sumqayıt”la matç Dabo üçün daha bir yubileylə əlamətdar olub. O, “Qəbələ”nin heyətində 60-cı oyununu keçirib. O, bu göstəricidə klub tarixinin 29-cusudur.
saytlarin hazirlanmasi