Sənan Qurbanov: "Qəbələ"ni məndən yaxşı bilən olmazdı" MÜSAHİBƏ

00:12 - 31 May 2018

"Qəbələ"nin yeni baş məşqçisi Sənan Qurbanovun "Report"a müsahibə verib.

 

Sportal.az saytı həmin müsahibəni təqdim edir:

 

- "Qəbələ"yə təyinatınız necə baş verdi?

- Bu, rəhbərliyin qərarıdır. Neçə ildir klubda, kollektivin içində olan insanlardan biriyəm. Neçə ildir "Qəbələ"də təcrübəli baş məşqçilərlə işləyirəm. Bunları nəzərə alaraq, komandada baş məşqçi vəzifəsində çalışmağımı istədilər. Mən də təklifi sevə-sevə qəbul etdim. Çalışacağam ki, rəhbərliyin etimadını doğruldum.

 

- Klubun baş məşqçi seçimində başqa alternativləri var idi?

- Əlbəttə, amma çox deyildi. Siyahıdakılar yerli baş məşqçilər idi. Etimad göstərdilər, mən də qəbul etdim. Komandanın içindəyəm, buranı məndən yaxşı bilən olmazdı. Oyunçular və bu kollektiv mənim üçün çox doğmadır.

 

- Təyinatınızdan sonra klubun strategiyasında dəyişikliklərin baş verəcəyini gözləmək olar? 

- Rəhbərliklə görüşüm oldu. Hər şey ani baş verdiyindən, kimin gedib, kimin qalacağı ilə bağlı məlumat verə bilməyəcəyəm. Amma klub yenə iddialı olacaq. O barədə sıxıntı yoxdur. Görüşümüzdən də başa düşdüm ki, problem yaşamayacağıq. "Qəbələ" iddialı klub olub, elə də olacaq.

 

- Dediyiniz kimi, çoxdandır bu komandada çalışırsınız. Sizcə, "Qəbələ"də titul qazanmaq üçün nə çatmır?

- Uğurlu vaxtlarımız çox olub. Roman Qriqorçuk da mənim üçün məktəb oldu. Bilikli, savadlı mütəxəssis idi. Elə komanda yoxdur ki, orada çatışmazlıq olmasın. Futbolun bütün komponentlərini yüksək səviyyəyə qaldırmağa çalışacağıq.

 

- Komanda Premyer Liqada gümüş və bürünc medallar qazanıb, Azərbaycan Kubokunun finalına da çıxıb. Amma titul yoxdur...

- Çalışacağıq ki, klub iddialı olaraq qalsın. "Keşlə" ilə oyundan öncə kubokun bir addımlığında idik. Çalışırdıq ki, uğur qazanaq. Bu, futboldur. Psixoloji olaraq da oyuna düzgün yanaşdıq. Mən də təminat verə bilmərəm ki, sabah nələrsə olacaq. Futbolda fərqli yanaşmalar da var. Komandanı daha yaxşı tanıdığımdan, hər şeyin ən yaxşısını etməyə çalışacağam. Gördüyüm bəzi məqamlar var ki, onları daha da yaxşılaşdırmaq olar. Onun üçün əlimdən gələni edəcəyəm.

 

- Köməkçiləriniz kimlər olacaq?

- Köməkçilərimdən biri Elmar Baxışıyevdir. Bu təyinat ani olduğundan, digərlərinə də yaxın günlərdə aydınlıq gələcək.

 

- Müxtəlif klublarda "Qəbələ" Futbol Akademiyasının yetirmələri var. Onları komandaya cəlb etməyi düşünürsünüz?

- Bu məsələ barədə söhbətimiz olub. Mən də məşqçiliyə akademiyada başlamışam. Bu klub mənim üçün çox doğmadır. Çalışacağam ki, hamı oynasın, şans qazansın. Hamı bu kluba canla-başla yanaşır. Yenə elə olacaq. Çalışacağam ki, akademiya uşaqları da oynasın. Formada olan, məşqdə, oyunda özünü yaxşı tərəfdən göstərə bilən futbolçu niyə oynamasın.

Xəbər xətti