“Qəbələ”nin serbiyalı futbolçusu Voyislav Stankoviç “qırmızı-qaralar”ın hazırlıq prosesi barədə fikirlərini açıqlayıb.
Sportal.az xəbər verir ki, 30 yaşlı müdafiəçi klub saytına açıqlamasında Sloveniya toplanışının ilk 10 gününü dəyərləndirib:
“Sloveniyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsindəki hazırlıq prosesi yaxşı səviyyədə keçir. Komandanın düşərgəsində yüksək əhval-ruhiyyə var, futbolçular əzmlə çalışır. Burda olduğumuz 10 gündə artıq iki yoxlama oyununda qüvvəmizi sınamışıq. Bizi daha iki yoxlama oyunu da gözləyir. Düşünürəm ki, bizim üçün ən əsası UEFA Avropa Liqasının 1-ci mərhələsinə tam hazır olmaqdı”.
Stankoviç komandanın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi Lüksemburq “Proqres”i haqda da fikirlərini bölüşüb: “Proqres”in oyununu görmüşəm. Deyə bilərəm ki, bizi ilk raundda yaxşı rəqib gözləyir. Lüksemburq təmsilçisi yay fasiləsində heyətinə 5-6 futbolçu dəvət edib. “Qəbələ” və “Proqres” arasında maraqlı oyunlar olacağını düşünürəm. Hesab edirəm ki, toplanışın sonunadək maksimum hazırlıq keçdikdən sonra mərhələ adlamağa yaxşı şanslarımız olacaq”.
Stankoviç “Qəbələ”nin yeni transferləri Sabien Lilay və Ceyms Adeniyinin komandaya faydalı olacağını qeyd edib: “Komandaya yeni qoşulan 2 futbolçudan biri – Lilay yoxlama matçlarının ikisində də iştirak etdi. Onun komandamızı gücləndirəcəyini söyləyə bilərəm. Ceyms isə yalnız ikinci qarşılaşmada meydana çıxıb. Nigeriyalı yaxşı futbolçudu. O, komandayla bir müddət də hazırlıq keçdikdən sonra hücum xəttimizi gücləndirəcək. Bu transferlərlə “Qəbələ” daha güclü olacaq”.
saytlarin hazirlanmasi