“Qəbələ” Polşa klubu ilə oyuna hazırdı

10:56 - 4 İyul 2018

“Qəbələ” 2018/19 mövsümünə hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Sloveniyada təşkil olunan toplanışın 14-cü gününü başa vurub. Komanda günü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən hazırlıq prosesi günün ikinci yarısında baş tutub. Öncə fiziki təmrinləri yerinə yetirən futbolçular ardınca toplu çalışmaları icra edib.

 

“Qəbələ” toplanışın 15-ci günündə, iyulun 4-də növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” Sloveniyada təşkil olunan təlim-məşq toplanışında 3-cü matçına çıxacaq. Baş məşqçi Sənan Qurbanovun yetirmələri Polşanın “Krakoviya” klubu ilə qarşılaşacaq. Görüş Beltintsidə baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da veriləcək.

 

Əsası 1906-cı ildə qoyulan “Krakoviya”nın 112 yaşı var. Krakov şəhərini təmsil edən komanda Polşa çempionatının son mövsümünü 9-cu pillədə başa vurub. “Krakoviya”nın tarixində bir sıra nailiyyətlər də var. “Qəbələ”nin rəqibi 5 dəfə ölkə çempionu (1921, 1930, 1932, 1937 və 1948) adını qazanıb. Krakovluların hesabında çempionatın 2 gümüş (1934, 1949) və 2 bürünc (1922, 1952) medalı da var. 3 dəfə avrokuboklara qatılan “Krakoviya” UEFA İntertoto kuboku və UEFA Avropa Liqasında ümumilikdə 10 oyun keçirib.

 

Xatırladaq ki, “Qəbələ” bunadək Sloveniyada 2 matç keçirib. “Qırmızı-qaralar” Albaniyanın “Kukesi” (1:1) və Xorvatiyanın “Dinamo” (0:2) klubları ilə yoxlama oyununda üz-üzə gəlib.

Xəbər xətti