Topaz Premyer Liqasının 2018/19 mövsümünə hazırlıq çərçivəsində keçirilən “Keşlə” - “Qəbələ” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssisin yeni transferlərin inkişaf etdiyini deyib:
“Yeni mövsüm öncəsi son hazırlıq matçı idi. Son üç gündə keçirilən məşqlərdəki yükləmələrdən sonra futbolçulara düzgün oynamağı tapşırmışdıq. Oyunçuların verilən tapşırığı yerinə yetirdiklərini demək olar. Bizim üçün yaxşı məşq oldu. Həm də Premyer Liqa komandasını tanıdıq. Yeni futbolçularımız gündən günə irəliləyir, inkişaf var. İnkişaf bizi sevindirir”.
Qurbanov ilk üç turu buraxmalı olan komandanın kapitanı Cavid Hüseynov barədə də fikirlərini bildirib: “Cavid komandamızın kapitanı, bizim üçün vacib futbolçudu. Onun liderlik keyfiyyətləri bizə çox lazımdı. Çalışacağıq ki, onun yoxluğunu hiss etdirməyək. Üç oyun az deyil. Elvin Camalovla Sabien Lilayın oyunu məni sevindirdi. Hər ikisi verilən tapşırığı yerinə yetirdi”.
Mütəxəssis Topaz Premyer Liqasının 1-ci turundakı rəqib və çempionat haqda da danışıb: “Səbail” yenilənmiş komandadı. Heyətinə yaxşı futbolçular qatıb. Bunlar həm yerli, həm də legioner oyunçulardı. Bu il komandalar heyətini gücləndirib. “Keşlə”ni də bu qarşılaşmada gördük. Qarşıdakı mövsüm daha sürətli və gərgin çempionat keçəcək”.
saytlarin hazirlanmasi