Topaz Premyer Liqasında bu həftə start götürəcək 2018/19 mövsümü “Qəbələ”nin tarixində 13-cü olacaq.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” indiyədək Azərbaycan çempionatının yüksək liqasında 12 dəfə çıxış edib. Güclülər dəstəsində 12 il öncə - 2006-cı ildə debüt edən komanda arxada qoyduğu müddətdə 5 dəfə mükafatçılar sırasına düşüb. Bu uğurları ardıcıl qazanan “Qəbələ”nin hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.
Əvvəlki 12 mövsümdə 364 oyun keçirən “Qəbələ” 152 qələbə qazanıb, 94 heç-heçə edib, 118 dəfə isə uduzub.
12 çempionat ərzində 209 futbolçu “Qəbələ”nin şərəfini qoruyub. Onlar arasında mütləq rekord Ürfan Abbasova məxsusdur – 152 oyun. Daha iki futbolçu çempionatda 100 matç səddini adlayıb. Legionerlərdən Dodo 131, Viktor Mendi 112 qarşılaşmaya çıxıb.
“Qəbələ”nin qollarına 91 futbolçu imza atıb. Onlardan başqa, 11 rəqib oyunçu da bu komanda ilə görüşlərdə avtoqol müəllifi olub. “Qırmızı-qaralar”ın Premyer Liqadakı bombardiri Viktor Mendidir – 29 qol. Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb. Karyerasını “Qəbələ”də davam etdirən futbolçular arasında lider Cavid Hüseynovdur. Komandanın kapitanı Premyer Liqada 14 dəfə qol sevinci yaşayıb.
“Qəbələ” 12 mövsümü 9 baş məşqçinin rəhbərliyi altında keçirib. Ramiz Məmmədov hamıdan çox – 118, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub. 3-cü göstərici ingiltərəli Toni Adamsa məxsusdur – 44 oyun. Komandanın indiki baş məşqçisi Sənan Qurbanov 3 çempionat görüşündə “qırmızı-qaralar”a rəhbərlik edib.
“Qəbələ” 12 mövsüm ərzində 23 müxtəlif rəqiblə qarşılaşıb. Cari mövsümdə bu rəqəm 24-ə çatacaq. Belə ki, Premyer Liqanın iştirakçılarından biri – “Sabah” yarışın debütantıdır.
“Qəbələ” əvvəlki 12 mövsümdən 6-na qələbə ilə başlayıb. Startda 4 heç-heçəsi olan komanda 2 dəfə ilk matçını uduzub. Son 3 çempionatda “qırmızı-qaralar” yarışa 2 qolla başlayıb. 2015/16 mövsümündə bu qollar 1 xal gətiribsə, son iki turnirdə qələbə üçün yetərli olub.
saytlarin hazirlanmasi