"Qəbələ" 8 əskiklə hazırlaşır

00:47 - 1 Sentyabr 2018

Topaz Premyer Liqasının 3-cü turundan sonra istirahətə buraxılan "Qəbələ" məşqləri bərpa edib.

 

Sportal.az xəbər verir ki, "Sumqayıt"la görüşün ardından məşqlərinə 4 günlük ara verən "qırmızı-qaralar" dünən Bakıda bir araya gəlib.

 

Hazırlığı paytaxtda gerçəkləşdirən Sənan Qurbanovun yetirmələri "Bakı" FK-nın bazasında məşq edib. Komanda avqustun 30-da keçirilən hazırlıq prosesində fiziki çalışmalar və toplu məşqlə kifayətlənib. Bugünkü məşq isə toplu hərəkətlərdən ibarət olub. Milli komandaların heyətinə dəvət olunan futbolçuların qatılmadığı hazırlığa klubun U-19 komandasının bir neçə üzvü də qatılıb.

 

Xatırladaq ki, Cavid Hüseynov, Ürfan Abbasov, Təmkin Xəlilzadə, Rauf Əliyev Azərbaycanın əsas, Amin Seydiyev, Bəhlul Mustafazadə U-21 milli komandasına, Sabien Lilay Albaniya, Lalavele Atakora Toqo yığmasına çağırılıb.

Xəbər xətti